ELM VƏ TƏHSİL
ADPU-da ustad dərsi
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Elm günü” ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun şöbə müdiri, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Kamran Əliyev filologiya fakültəsinin professor və müəllimləri, tələbələri üçün “Açıq kitabi-Dədə Qorqud” mövzusunda ustad dərsi keçib.
ADPU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova ədəbiyyatşünas alim Kamran Əliyevin elmi fəaliyyətindən danışıb, onun 20 kitabın, o cümlədən 12 monoqrafiya, 300-ə yaxın elmi məqalənin müəllifi olduğunu qeyd edib.
Professor Kamran Əliyev 1300 illik tarixi olan “Kitabi-Dədə Qorqud” dastanının tədqiqi üzrə 10 ildən artıq iş aparmasından, onu şifahi mətn kimi sübut etməyə çalışmasından söhbət açıb. O, dastanın ayrı-ayrı boylarından, dastanda işlədilən ifadələrdən elmi-nəzəri açıqlamalar verib, dastanın tarixinə dair bir sıra gizli məqamlara aydınlıq gətirib.
Professor Kamran Əliyevin eposun dili və onun lüğət tərkibi haqqında söylədiyi elmi-nəzəri fikirlər də böyük maraq doğurub.
Tədbirdə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov professor Kamran Əliyevin elmi yaradıcılığının əhəmiyyətindən danışıb. Bildirilib ki, müasir ədəbiyyatşünaslıq elminin, ədəbi tənqidin inkişafında onun mühüm rolu olub.
Sonra professor Kamran Əliyev tələbələrin suallarını cavablandırıb.