ELM VƏ TƏHSİL
ADPU-da yaz semestrinin imtahan sessiyası başa çatdı
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2016-2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası iyunun 30-da başa çatıb.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, daxil olan hər bir şikayətin çevik şəkildə araşdırılıb lazımi ölçü götürülməsi universitet rəhbərliyinin daim diqqət mərkəzindədir. Gün ərzində təxminən 2 min 700 nəfər tələbə imtahan verib. Onlardan 1500 nəfəri test üsulu ilə, 1200 nəfəri isə yazılı imtahan verib. Bütün imtahanların nəticələri günün sonunda ADPU-nun internet saytına yerləşdirilib. İmtahan prosesinə heç bir kənar müdaxilə yol verilməyib, tələbələrə biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb.
ADPU-nun 5 filialında - Ağcabədi, Şəki, Şamaxı, Quba və Cəlilabad filiallarında, həmçinin universitetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində də yaz semestrinin imtahan sessiyası şəffaf və ədalətli keçirilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov hər gün imtahan prosesini müşahidə edib, öz tapşırıq və tövsiyələrini verib.