ELM VƏ TƏHSİL
ADPU-nun Şamaxı filialında ustad dərsləri təşkil olunub
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında ustad dərsləri keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Şamaxı şəhərindəki ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Plenar iclas Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Rektor Cəfər Cəfərov humanist pedaqogika üzrə oxuların mahiyyəti haqqında geniş məruzə ilə çıxış edib.
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova isə bu tədbirin qədim mədəniyyət beşiyi olan Şamaxı şəhərində keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.
“Müasir pedaqogikanın daşıyıcıları”, “Yaradıcı ürəklərin simfoniyası”, “Müəllim, uşaqla yüksəl!”, “Humanist tərbiyə mədəniyyəti” mövzularında təqdimatlar olub.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov informasiya texnologiyaları dövründə gənc nəslin müasir tələblərə uyğun formalaşdırılması üçün cəmiyyətin, xüsusilə müəllimin və məktəbin əsas vəzifələri barədə danışıb.
Sonra ustad dərslərinə başlanılıb.
Sonda 200-dək təhsil işçisinə sertifikatlar təqdim olunub.