ELM VƏ TƏHSİL
ADPU və Leninqrad universiteti birlikdə elmi kadrlar hazırlayacaq
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru, professor Asəf Zamanov və ibtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Yaqut Rzayeva Finlandiyada və Rusiyada səfərdə olublar.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nümayəndələrimiz A.S.Puşkin adına Leninqrad Dövlət Universitetinin Vıborq filialının fəaliyyət istiqamətləri, həmçinin yeni texnologiyaların tədris prosesinə tətbiqi ilə tanış olublar. Universitetin rəhbərliyi ilə yüksəkixtisaslı elmi-pedaqoji kadrların, o cümlədən korreksiya pedaqogikası ixtisası üzrə kadr hazırlanması, konfrans və simpoziumların birgə təşkili məsələlərində razılıq əldə edilib.
Nümayəndələrimiz Finlandiyanın Saimaa Tətbiqi Elmlər Universitetinin təşkilatçılığı ilə Lappeenranta şəhərində keçirilən “Saimaa Calling” beynəlxalq həftəsində iştirak ediblər. Ümumilikdə 22 ölkədən 100-ə qədər mütəxəssisin iştirak etdiyi tədbirdə 25 mütəxəssisin, həmçinin Finlandiyanın elm, təhsil və mədəniyyət nazirinin onlayn məruzəsi dinlənilərək müzakirə olunub. Tədbirdə “Azərbaycanda müasir təhsil sisteminin modernləşdirilməsinin sosial-mədəni istiqamətləri” mövzusunda məruzə təqdim edilib.
Saimaa Tətbiqi Elmlər Universitetinin rektoru, professor Anneli Pirttila ilə görüşdə isə beynəlxalq layihələrdə birgə iştirak məsələləri müzakirə olunub.