ELM VƏ TƏHSİL


ADPU və Rusiya Dövlət Professional-Pedaqoji Universiteti arasında memorandum imzalanıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Rusiya Dövlət Professional-Pedaqoji Universitetinin rektoru, pedaqoji elmlər doktoru, professor Yevgeni Doroşkin ilə görüş keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor, professor Cəfər Cəfərov rəhbərlik etdiyi universitet haqqında məlumat verib. Bildirib ki, yaranma tarixi baxımından ölkəmizin ikinci qədim universiteti olan ADPU-nun 8 fakültəsi, 32 kafedrası var. Universitetdə 18 minə yaxın tələbə təhsil alır və üç il əvvəl Azərbaycan Müəllimlər İnstitutu filialları ilə birlikdə ADPU-ya qoşulub. Universitetin bölgələrdə beş filialı var. Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir. Ali təhsil müəssisəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri beynəlxalq əməkdaşlıqdır. Belə ki, Rusiya, Türkiyə, habelə Avropa və digər regionlarda yerləşən universitetlər ilə əlaqələr genişləndirilir.

Rusiya Dövlət Professional-Pedaqoji Universitetinin rektoru, professor Yevgeni Doroşkin bu ali təhsil müəssisəsinin yaranma tarixi, keçdiyi inkişaf yolu, strukturu, tədris və elmi tədqiqat fəaliyyəti, nəşrləri haqqında məlumat verib. O qeyd edib ki, universitetin tərkibində beş institut, bir kollec, doktorantura və aspirantura şöbələri, dörd filial var. Universitetdə müxtəlif sahələr üzrə hazırlanan mütəxəssislərin peşə hazırlığı ilə yanaşı, psixoloji hazırlığına da xüsusi diqqət yetirilir.

Sonra ADPU və Rusiya Dövlət Professional-Pedaqoji Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Memorandumda iki universitet arasında humanitar elmlər sahəsində əlaqələrin inkişaf etdirilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, birgə elmi konfransların, simpozium və seminarların təşkili, akademik mobilliyin inkişafı, o cümlədən professor-müəllim, aspirant və tələbə mübadiləsi, yay və qış dil məktəblərinin təşkili, informasiya, elmi nəşrlərin və tədris-metodik ədəbiyyat mübadiləsi öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.