CƏMİYYƏT


ADRA əməkdaşları “Xəzəri qoruyaq” adlı təmizlik aksiyasında iştirak ediblər

Bakı, 21 sentyabr, AZƏRTAC

Artıq ənənə halını almış “Xəzəri qoruyaq” aksiyası bu il də Bakı çimərliklərində baş tutub. “Coca-Cola”, “ASAN xidmət”, PASHA Bank, Bakcell, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Carlsberg” və “AzEcol” şirkətinin birgə təşkilatçılığı ilə reallaşan sahilyanı ərazilərin təmizliyinə dəstək layihəsində ətraf mühit müxtəlif tullantılardan təmizlənib.

Azərbaycan Dövlət Reklam Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, böyük marağa səbəb olan və yüzlərlə iştirakçının qoşulduğu tədbirin keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir. Ötən ildən fərqli olaraq bu il aksiyanı onlayn olaraq daha geniş auditoriyaya çatdırmaq məqsədilə tədbirə ictimaiyyət tərəfindən tanınan və sevilən insanlar, həmçinin bloger və influnserlər də cəlb olunub. Pandemiya ilə əlaqədar sosial məsafə qaydasına riayət etmək məqsədilə bu dəfə aksiya 10 nəfərdən ibarət bir neçə qrup tərəfindən xüsusi ayrılmış sektorlar üzrə həyata keçirilib.

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi isə (ADRA) təmizliyə dəstək aksiyasında iştirak etməklə yanaşı, açıq məkandakı reklam lövhələrində layihəyə dair sosial reklamların yayımını da həyata keçirib.

Qeyd edək ki, Beynəlxalq Sahilyanı Təmizlik Günü su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı aksiyadır. Hər il sentyabrın 21-də dünyanın 100-dən çox ölkəsində təşkil olunan təmizlik aksiyalarında on minlərlə insan könüllü olaraq sahilyanı əraziləri tullantılardan təmizləyir. 10 ildir ki, Azərbaycanda da Beynəlxalq Sahilyanı Təmizlik Günü qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.