CƏMİYYƏT
ADRA-nın əməkdaşları “Xəzəri qoruyaq” adlı təmizlik aksiyasında iştirak ediblər
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) əməkdaşları “Xəzəri qoruyaq” adlı təmizlik aksiyasında iştirak ediblər.
ADRA-dan AZƏRTAC-a bildirilib ki, Buzovna çimərliyində keçirilən aksiya "ASAN xidmət", Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə baş tutub. Aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib.
Yüzlərlə iştirakçının qoşulduğu builki tədbirin keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir. ADRA layihəyə dəstək olaraq açıq məkandakı reklam bilbordlarında aksiyaya dair sosial reklamların yayımını təşkil edib.
Qeyd edək ki, Beynəlxalq Sahilyanı Təmizlik Günü su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı aksiyadır. Hər il sentyabrın 21-də 100-dən çox ölkədə təşkil edilən təmizlik aksiyasında on minlərlə insan könüllü olaraq sahilyanı əraziləri tullantılardan təmizləyir. Doqquz ildir ki, Azərbaycanda da Beynəlxalq Sahilyanı Təmizlik Günü qeyd olunur.