İQTİSADİYYAT


“ADR – 100” adlı poçt bloku beynəlxalq sərginin qran-prisini alıb

Bakı, 26 dekabr, AZƏRTAC

2018-ci il mayın 25-də “Azərmarka” MMC tərəfindən dövriyyəyə buraxılmış “Azərbaycan Demokratik Respublikası – 100 il” adlı poçt bloku Vyana beynəlxalq filateliya sərgisinin (Wiener Internationale Postwertzeichen-Ausstellung – “WIPA”) ilk onluğuna daxil olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sözügedən poçt blokunun üzərində xüsusi gümüşü örtüklə Azərbaycan Respublikasının xəritəsi əks olunub. Markanın perforasiya xətti isə Azərbaycan Demokratik Respublikasının dövlət sərhədlərini göstərir. Poçt blokunun üzərində “1918 – 2018. Azərbaycan Demokratik Respublikası – 100 il” və “1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Heydər Əliyev” sözləri yazılıb.

Bir markadan ibarət poçt blokunun ölçüsü 90x100 millimetrdir. “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanmış blok Fransanın “Cartor Security Printing CSP” mətbəəsində 5000 ədəd tirajla çap edilib.

Qeyd edək ki, “WIPA” beynəlmiləl filateliya sərgisi 1881-ci ildən qeyri-müntəzəm olaraq Avstriyanın paytaxtı Vyanada keçirilir. Burada dünyanın ən gözəl poçt markası seçilir. “ADR-100” adlı poçt bloku 50 ölkə arasında 10-cu yerə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.