ELM VƏ TƏHSİL
ADU Azərbaycan-Çin əlaqələrinin inkişafına töhfə verir
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Cənubi Qafqaz və Xəzəryanı regionu üzrə “Çin gəncləri” inzibati bölməsinin rəhbəri Xue Yibo ilə görüş keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov rəhbərlik etdiyi qurumun ictimai fəaliyyəti, həmçinin tarixi İpək Yolunun tərəqqisi üzrə “Bir kəmər, bir yol” qlobal Çin layihəsinin həyata keçirilməsi zamanı aparılan araşdırmalar haqqında məlumat verib. O, qonağı Konfutsi İnstitutunda ümummilli lider Heydər Əliyevin və onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan ilə Çin arasındakı çoxşaxəli əməkdaşlıq və dostluq əlaqələrinin inkişafı istiqamətində fəaliyyətləri üzrə informasiya bazası ilə tanış edib.
Rafiq Abbasov Çin dili kursu, mədəni tədbirləri, elmi tələbə seminarları, həmçinin KİV sahəsində gənclər siyasətinə və Azərbaycan-Çin əməkdaşlığına həsr edilən toplantıların keçirilməsi barədə danışıb.
ADU ilə tanışlıqdan məmnunluğunu bildirən Xue Yibo Azərbaycan cəmiyyətini Çinin tarixi, mədəniyyəti, müasir həyatı barədə məlumatlandırması baxımından Konfutsi İnstitutunun fəaliyyətini yüksək dəyərləndirib.
Vurğulanıb ki, institut Azərbaycan və Çin xalqları arasında ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfələr verir.
Görüşdə, həmçinin gənclər siyasəti sahəsində iki ölkə arasında informasiya əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.