ELM VƏ TƏHSİL


ADU Təhsil Nazirliyinin akkreditasiya qiymətləndirilməsindən uğurla keçib

Bakı, 11 oktyabr, AZƏRTAC

Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” və Təhsil Nazirliyinin 2011-ci il 26 aprel tarixli 656 nömrəli əmri ilə təsdiqlənmiş “Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar” əsasında 2018-2019-cu tədris ilində Azərbaycan Dillər Universitetinin (ADU) akkreditasiya qiymətləndirilməsi keçirilib və qiymətləndirilmənin nəticələri açıqlanıb. Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib.

Qərara əsasən, ADU akkreditasiyadan keçmiş hesab olunub və tipi ali təhsil müəssisəsi, növü universitet kimi müəyyənləşdirilib. Universitetin akkreditasiyasının etibarlılıq müddəti 2019-2024-cü tədris illəri üzrə müəyyən olunub. Eyni zamanda, universitetin təhsil proqramları (ixtisaslar və ixtisaslaşmalar) 2019-2024-cü tədris illəri üzrə mütəxəssis hazırlığını həyata keçirmək məqsədilə akkreditasiyadan keçmiş hesab edilib.

ADU-nun ali təhsil müəssisəsi kimi 2019-2024-cü illər üçün akkreditə olunmuş ixtisasların (ixtisaslaşmaların) siyahısı da dərc olunub. Akkreditasiya haqqında Təhsil Nazirliyinin sertifikatı ADU-ya təqdim edilib.

Qeyd edək ki, ADU-nun 2019-2020-ci tədris ilində qəbul göstəricisi 95 faiz olub. Statistika göstərir ki, universitetə maraq ildən-ilə artmaqdadır. Bunun səbəblərindən biri müasir dövrdə xarici dillərə yaranan ehtiyac olsa da, əsas səbəb tədrisin keyfiyyətinin yüksək olması ilə bağlıdır. ADU-nun nüfuzu, universitetdə təşkil olunan tələbəyönümlü, mobil, yüksəkkeyfiyyətli tədris və bu istiqamətdə davam edən işlər sayəsində qəbul səviyyəsi hər il artan dinamika ilə özünü göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.