ELM VƏ TƏHSİL
ADU-da ABŞ Dövlət Departamenti ilə əməkdaşlıq perspektivləri müzakirə olunub
Bakı, 9 aprel, AZƏRTAC
Aprelin 9-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla ABŞ Dövlət Departamentinin regional Amerika mərkəzləri üzrə məsul şəxsi Anne Consla görüşüb. Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib.
ADU-da 18 dil və mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini bildirən rektor bunların arasında Amerika Mərkəzinin xüsusi yer tutduğunu deyib. O, tədris və elmi bölmələrlə əlaqəli formada fəaliyyət göstərən mərkəzlərin tələbələrlə yanaşı, ölkələrin dili, mədəniyyəti, ədəbiyyatı ilə maraqlanan hər kəsin üzünə açıq olduğunu söyləyib. Kamal Abdulla həmin mərkəzlərin öz ölkələrinin universitetlərində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılmasına kömək göstərməsinin ölkələrarası əlaqələrin möhkəmlənməsinə zəmin yaratdığını vurğulayıb. Tələbələrin Amerika üslubunu rahatlıqla qəbul etdiyini deyən rektor ADU-nun Amerika Mərkəzinin zəngin kitabxana və internet bazasından müəllim və tələbələrin, həmçinin digər maraqlı şəxslərin səmərəli şəkildə bəhrələndiklərini diqqətə çatdırıb.
Uzun illərdən bəri davam edən tərəfdaşlığa görə minnətdarlığını bildirən Anne Cons dünyada 600-dən çox Amerika Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O bildirib ki, Amerika mərkəzlərinin məqsədi insanları bir-birinə yaxınlaşdırmaqdır. Qonaq mərkəzin bu niyyətini gerçəkləşdirməkdə göstərdiyi dəstəyə görə ADU-nun rektoruna təşəkkürünü bildirib.
Görüşdə multikulturalizm sahəsində əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə olunub.