ELM VƏ TƏHSİL


ADU-da Ərəb dili mərkəzinin fəaliyyətə başlaması ilə bağlı ilkin hazırlıqlara başlanılıb

Bakı, 25 yanvar, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Mərakeş Krallığının Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş ilə görüşüb.

ADU-dan AZƏRTAC-a bildirilib ki, Kamal Abdulla universitetin geniş beynəlxalq əlaqələri haqqında səfirə məlumat verib. Rektor qonağı universitetdə fəaliyyət göstərən “Səfir saatı” layihəsində iştirak etməyə dəvət edib: “Tələbələr təcrübəli diplomatlarla görüşməkdə, fikir mübadiləsi aparmaqda çox maraqlıdırlar. Artıq bir neçə ölkənin səfiri bu layihənin qonağı olub və çox müsbət təəssüratla ayrılıblar. Sizi böyük məmnuniyyətlə bu layihədə iştirak etməyə dəvət edirəm”.

Rektor Kamal Abdulla Ərəb dili mərkəzinin ADU-da fəaliyyətə başlaması ilə bağlı ilkin hazırlıqların başladığını diqqətə çatdırıb. O, Azərbaycan dili və mədəniyyəti mərkəzinin də Mərakeş universitetlərindən birində açılması təklifi ilə çıxış edib: “Bu mərkəzlər qarşılıqlı əməkdaşlığı daha da gücləndirəcək, geniş tələbə-müəllim mübadiləsinə, elmi əlaqələrə yol açacaq”.

Səfir Məhəmməd Adil Embarş 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə münasibətilə xalqımızı təbrik edib, iki ölkə arasında təhsil, mədəniyyət, elm və s. istiqamətlərdə mövcud olan əlaqələrdən danışıb, səslənən təklifləri yüksək dəyərləndirib: “Səfirlik vasitəsilə bütün mümkün imkanlar nəzərdən keçiriləcək, Mərakeşdəki universitetlərdən birində, o cümlədən Azərbaycan Dillər Universitetində dil və mədəniyyət mərkəzinin açılması ilə bağlı addımlar atılacaq. Biz bu təklifi yüksək qiymətləndiririk. Əlbəttə, iki ölkə arasında təhsil və elm istiqamətində əlaqələrin genişlənməsinə məhz bu şəkildə töhfə verməliyik. Biz də maraqlıyıq ki, universitetlər arasında müəllim-tələbə mübadiləsi həyata keçirilsin, birgə elmi əlaqələr quraq. Azərbaycanla Mərakeş arasında oxşar tərəflər çoxdur. Bunlardan biri də multikulturalizm istiqamətində aparılan işlərdir”.

Kamal Abdulla ərəb dilində çap olunan “Yarımçıq əlyazma” romanını qonağa hədiyyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.