ELM VƏ TƏHSİL
ADU-da “Azərbaycan mədəni irsinin mühafizəsi” mövzusunda “dəyirmi masa” keçirilib
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində regionşünaslıq kafedrası və azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Azərbaycan mədəni irsinin mühafizəsi” mövzusunda “dəyirmi masa” keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli mövzunun aktuallığından danışıb, belə tədbirlərin tələbələrin maariflənməsi baxımından əhəmiyyətli olduğunu bildirib. O vurğulayıb ki, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan ərazi bütövlüyünü itirib və mədəni abidələrimizin bir qismi məhv olub. Amma dövlətimizin həyata keçirdiyi məqsədyönlü işlər sayəsində bu gün mədəni irsimizin mühafizə edilməsi və UNESCO-nun Dünya İrsi Siyahısına salınması istiqamətində nəzərəçarpan addımlar atılıb.
Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva və kafedranın baş müəllimi Rəna Rəcəbli mövzu ilə bağlı təqdimatla çıxış ediblər. Bildirilib ki, Azərbaycan zəngin mədəni irsə malikdir və ölkənin bir sıra mədəniyyət abidələri UNESCO tərəfindən bəşəriyyətin yüksək dəyərləri kimi qorunur. İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi UNESCO-nun Dünya İrsi Siyahısına salınıb, Azərbaycan muğamı, xalçaçılıq sənəti, aşıq sənəti və Novruz bayramı isə bu təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Tədbir müzakirələrlə yekunlaşıb.