ELM VƏ TƏHSİL
ADU-da Çin Yeni ilinə həsr olunmuş stolüstü tennis turniri keçirilib
Bakı, 7 fevral, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) Çinin Azərbaycandakı səfirliyinin əməkdaşları, ADU-nun Konfutsi İnstitutunun müəllim və tələbələri arasında dostluq xarakterli stolüstü tennis turniri keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, idman yarışı Çin Yeni ilinə - Bahar bayramına həsr olunub. ADU-nun Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Prezident İlham Əliyevin 2005-ci ildə Çinə rəsmi səfəri zamanı Çin Olimpiya Komitəsi ilə Azərbaycan Milli Olimpiya Komitəsi arasında idman-texniki əməkdaşlıq haqqında sazişin imzalanmasının idman sahəsində hər iki ölkənin münasibətlərinin inkişafının əsası olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, ADU-nun Konfutsi İnstitutu Azərbaycan Stolüstü Tennis Federasiyası ilə əməkdaşlığını inkişaf etdirməyi, tələbələrin bu idman növünə cəlb olunmasını, ixtisaslı məşqçi heyətinin mübadiləsini, idmanla bağlı birgə elmi seminarların təşkilini planlaşdırır.