ELM VƏ TƏHSİL


ADU-da Çin dili günü

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda BMT rəsmi dillərinin özünəməxsusluğu və zənginliyini ön plana çəkmək məqsədilə, eləcə də BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsasında 2010-cu ildə təsis edilmiş Çin dili gününə həsr olunan bayram tədbiri keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, bayramda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan-Çin dostluq əlaqələrinin inkişafı sahəsində fəaliyyətlərinə həsr olunmuş Çin dilində kitablar, tədris ədəbiyyatı və materiallarının sərgisi keçirilib.

Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru Rafiq Abbasov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığından danışaraq, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış müqavilələrin əhəmiyyətini vurğulayıb. O, qonaqlara ADU-nun Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər – bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması barədə məlumat verib.

Azərbaycanlı gənclərin Çin dili və mədəniyyətinə marağının artdığını qeyd edən Rafiq Abbasov rəsmi Çin dili test mərkəzinin işi barədə danışaraq, Çin dili üzrə Hanyu Shuiping Kaoshi (HSK) və Hanyu Shuiping Kouyu Kaoshi (HSKK) imtahanlarının keçirildiyini bildirib. O, həmçinin müasir Çin dilli dünyasından söz açaraq, Azərbaycanda bu dilin öyrənilməsi üçün nəşr olunan metodik vəsaitlərin, proqramların və ADU tərəfindən hazırlanan ilk milli Çin dili dərsliyinin əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Konfutsi İnstitutunun Çin tərəfindən direktoru xanım Li Jihua Çin dili tarixi haqqında danışaraq, Çin yazısının banisi, əfsanəvi imperator Xuan Dinin sarayının tarixçisi, köhnə heroqliflərdən sonra piktoqram növlərini hazırlayan Szyan Szenin bu dilin inkişafına verdiyi töhfələrdən danışıb. Xanım Li, həmçinin ADU-da Çin dilinin tədrisinin metodik xüsusiyyətləri və perspektivləri haqqında məlumat verib.

Sonra Konfutsi İnstitutunun əməkdaşları Çin xəttatlığı, kağız kəsimi, Çin şahmatı, düyün vurulması sənəti mövzularında ustad dərsləri keçiblər. ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Çin mahnıları və rəqsləri ilə çıxış ediblər. Tələbələr, həmçinin məşhur Çin “Tai Chi” gimnastikasının əsas elementlərini nümayiş etdiriblər. Sonda qonaqlar məşhur Çin çayının dəmlənməsi mərasimində iştirak edib, dünyanın məşhur yaşıl çayının ətrindən və dadından zövq alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.