ELM VƏ TƏHSİL


ADU-da “Çin hərbi mədəniyyəti” mövzusunda mühazirə dinlənilib

Bakı, 28 iyul, AZƏRTAC

“Çin: cəmiyyət və mədəniyyət” adlı onlayn yay lektoriyası çərçivəsində Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun direktoru, Çin dilinin hərbi tərcüməçisi Rafiq Abbasov Çin Xalq Azadlıq Ordusunun yaranmasının 95-ci ildönümünə və Azərbaycan Silahlı Qüvvələrinin 104 illiyinə həsr olunmuş tədbirdə “Çin hərbi mədəniyyəti” mövzusunda mühazirə oxuyub.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

R.Abbasov iki ölkənin hərbi-siyasi və hərbi-texniki əlaqələrinin inkişaf perspektivlərindən, İpək Yolunun dirçəldilməsində Azərbaycanın geostrateji rolundan, Çin hərbi-sənaye kompleksinin modernləşdirilməsinin hərbi-siyasi prioritetlərindən danışıb. O, eləcə də Avrasiya nəqliyyat dəhlizinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini bildirib.

Qeyd edilib ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ordumuz hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətini daha da artırıb, torpaqlarımız işğaldan azad edilib, böyük tarixi Qələbə qazanılıb.

Mühazirəçi çıxışı zamanı Çin Xalq Respublikasının sədri, Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Si Cinpinin milli müdafiənin və Silahlı Qüvvələrin gücləndirilməsinin zəruriliyini vurğuladığını, Silahlı Qüvvələrin COVID-19 ilə mübarizədə rolunu da yüksək qiymətləndirib.

R.Abbasov Çinin hərbi siyasətinə həsr edilmış “Ağ kKitab” haqqında söz açaraq, “Yeni dövrdə Çinin milli müdafiəsi”nin əsas məzmununu, o cümlədən beynəlxalq təhlükəsizlik sahəsində vəziyyət, müdafiə siyasəti, Çin ordusunun missiyası və vəzifələri, yeni dövrdə milli müdafiə və ordu sahəsində islahatlar, eləcə də Çin ordusunun bəşəriyyət üçün ortaq taleyi olan bir cəmiyyətin qurulmasına verdiyi töhfə üzərində də dayanıb.

O, qədim Çin hərbi fikrinə aid traktatlar, qədim və müasir Çinin məşhur hərbi xadimləri, Çinin hərb tarixindəki məşhur döyüşlər barədə də tədbir iştirakçılarını məlumatlandırıb.

R.Abbasov 1937-1949-cu illər müharibə dövründə Çin musiqili teatrının tamaşalarından - “Van Çjaocun”, “Yantszı üzərində sırğa”, “Si Şi”, “Ordu və xalqın marşı” tamaşalarından söz açaraq, Çin dramaturgiyasının əsas məqamlarının müharibə motivləri, döyüşə çağırış və qələbə mövzusu olan milli operalar olan “Süzi” və “Mulan haqqında poema”dan bəhs edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.