ELM VƏ TƏHSİL
ADU-da Dövlət Bayrağı Günü qeyd olunub
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 7-də Azərbaycan Dillər Universitetində (ADU) 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunan bayram tədbiri keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ADU-nun rektoru, akademik Kamal Abdulla tədbirdəki çıxışında Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş üçrəngli bayrağın hələ sovet dövründə ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda bir daha ucaldıldığını vurğulayıb. Rektor deyib: “Həqiqətən də “Bir kərə yüksələn bayraq bir daha enməz” sözü öz yerini tutub. Ulu Öndərin Azərbaycan sevgisi o dərəcədə böyük idi ki, sovet dövlətinin hələ son dərəcə qadir olduğu bir vaxtda ərazi baxımından kiçik olan Naxçıvan sanki bütün SSRİ-yə qarşı qiyam etdi. Ulu öndərin Naxçıvan Milli Məclisinə rəhbərlik etdiyi dövrdə Naxçıvanda SSRİ bayrağı endirilib və yerinə Azərbaycanın milli rəmzi olan üçrəngli bayraq ucaldılıb. Ulu Öndərin bu cəsarətli addımı, əlbəttə ki, dünya tarixinə yazılmalı bir addım olub”.
Rektor K.Abdulla əlavə edib ki, Dövlət Bayrağı Gününün qeyd edilməsi Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamdan qaynaqlanır və dövlətimizin başçısı böyük sələfinin ideyalarını uğurla həyata keçirir.
Azərbaycanın dövlət bayrağını Vətən eşqi ilə yaşayan azərbaycanlıların taleyi kimi xarakterizə edən akademik onun uğrunda həyatını verən, sürgünlərə məruz qalan babalarımızın olduğunu vurğulayıb. Rektor K.Abdulla bayraq eşqinin hər zaman qəlblərdə yaşadığını vurğulayaraq, tədbir iştirakçılarını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.
Tədbirin bədii hissəsində ADU-nun tələbələri müxtəlif musiqi və rəqs nömrələri ilə çıxış ediblər.