ELM VƏ TƏHSİL
ADU-da “İpək Yolu: Mərkəzi Avrasiya və Çin arasında” mövzusunda konfrans keçirilib
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) “İpək Yolu: Mərkəzi Avrasiya və Çin arasında” mövzusunda III konfransın açılış mərasimi keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, konfrans Tanq Araşdırma Fondunun dəstəyi, İndiana Universitetinin Mərkəzi Avrasiya Araşdırmalar Departamenti və Pekinq Universitetinin Tarix Departamentinin birgə təşkilatçılığı ilə reallaşıb.
Qonaqları salamlayan ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla universitetin səmimi dostluq münasibətlərinə əsaslanan görüşlərə ev sahibliyi etməsindən məmnun olduğunu deyib: “Bizim universitet bu kimi səmimi dostluq münasibətində keçən görüşlərin çox mötəbər və etibarlı dayaq nöqtəsinə çevrilib. Biz çox şadıq ki, bizim auditoriyamızda iki böyük dövlətin – ABŞ və Çin Xalq Respublikasının İndiana və Pekinq Universitetinin görkəmli alimləri, professorları, əməkdaşları bizim universitetimizin əməkdaşları ilə bir araya gəliblər. Xalqlar arasında mədəni əlaqənin qədim Çindən başlayan İpək Yolu ilə bağlı araşdırmalarından başqa daha uyğun və əsaslandırılmış mövzu tapmaq çətin olardı. Əlbəttə ki, Çindən Avropaya qədər uzanan İpək Yolu yalnız ticarət yolu olmayıb, eyni zamanda, mədəniyyət, inkişaf, maarif yoluna çevrilib. Bizim universitet və Belqrad Universiteti arasında “İpək Yolu üzərində kitabxanalar” mövzusunda maraqlı konfrans keçirildi. Bu konfransın nəticəsində biz gördük ki, nə qədər öyrənilməmiş mövzular, açılmamış mətləblər gizlənir. İnanıram ki, bu gün də İndiana və Pekinq universitetlərinin nümayəndələri İpək Yolunu tədqiq edərkən bu elmi söhbətlər öz yerini gələcək dostluq münasibətlərinə çevirəcəkdir. Sevinirəm ki, bu dostluğun əsası bizim universitetdə, Azərbaycanda qoyulacaq”.
İndiana Universitetinin Mərkəzi Avrasiya Araşdırmalar Departamentinin rəhbəri Cəmşid Çoksi konfrans haqqında məlumat verib. O, konfransın 2017-ci ildə Pekinq Universitetində, 2018-ci ildə isə İndiana Universitetində keçirildiyini diqqətə çatdırıb. Konfransın mövzusu ilə bağlı danışan C.Çoksi növbəti müzakirələrin məhz Azərbaycan Dillər Universitetində keçirilməsindən məmnun olduğunu bildirib. O, konfransın keçirilməsində göstərdiyi dəstəyə, yaratdığı şəraitə görə ADU rəhbərliyi başda olmaqla, əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
İndiana Universitetinin professoru, “Turkish Flagship” proqramının direktoru Kamal Silay, Pekinq Universitetinin Tarix fakültəsinin dekan müavini Zan Tao ADU ilə əməkdaşlıqdan məmnun olduqlarını söyləyiblər, konfransın Bakıda keçirilməsində dəstək göstərən hər kəsə təşəkkürlərini bildiriblər.
Daha sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında Pekinq Universitetinin professorları Li Bozhoinq “Rixtofenə dönüş: İpək Yoluna yenidən nəzər salınması”, Fan Jinqjinq “Hindistandan Çinə doğru Avadana: Ədəbi janrın transformasiyası” və Luo Xin “Şimali Vei nəslinin cənnət üçün ibadət mərasimlərində taxta qütbləri”, İndiana Universitetinin professorları Kamal Silay “Çinin Müasir İpək Yolu və Türkiyə Respublikası üçün mədəni və siyasi təzahürləri”, Qardner Bovinqdon “Almatı Bakının gözü ilə: Orta Asiya şəhərlərini müqayisəli qavrama” və Aybike Tezel “Köçəri dünyada oturaq yaşam elitası: Erkən orta əsrlər Mərkəzi Avrasiyasında köçəri-oturaq anlayışlarının qarşılıqlı təsiri”, Renmin Universitetinin professor Li Xiao “Şərq və Qərb mədəniyyətləri mübadiləsi: Arxeoloji kəşflərdən baxış”, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Jalə Qəribova “Kimlik repertuarı kontekstində dil davranış və münasibətləri: Azərbaycan faktı” mövzularında çıxış ediblər.