ELM VƏ TƏHSİL
ADU-da “Makiavelli: Siyasətdə və fəlsəfədə” mövzusunda mühazirə oxunub
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) jurnalist, ssenarist, rejissor, Qarabağ müharibəsi veteranı İlham Tumas “Makiavelli: Siyasətdə və fəlsəfədə” mövzusunda mühazirə oxuyub.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Samirə İmanova intibah dövrünün görkəmli italyan siyasi xadimi, yazıçı, tarixçi, hərb nəzəriyyəçisi Nikkolo Makiavellinin ən çətin anlaşılan və şərh edilən mütəfəkkirlərdən olduğunu söyləyib.
Sonra İlham Tumas əsrlərdir Makiavellinin ən məşhur əsərləri ətrafında qızğın mübahisələr getdiyini, mütəfəkkirin siyasi nəzəriyyəsinin və baxışlarının rəqibləri tərəfindən dəhşətli dərəcədə təhrif edildiyini bildirib. O, Makiavellinin “Florensiya tarixi” əsərindən sitat gətirərək XV əsrdə İtaliyada baş verən iğtişaşları, problemləri önə çəkib və 90-cı illərin əvvəllərində Azərbaycanda baş vermiş proseslərlə müqayisə aparıb. Nəzərə çatdırıb ki, Makiavelli həmin əsərində uçurumun kənarında olan bir dövlət üçün hökmən qətiyyətli və güclü rəhbərə ehtiyac olduğuna diqqət çəkib. Bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə bütün iğtişaşların qarşısı alındı və Azərbaycanda sabitlik bərqərar oldu.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.