CƏMİYYƏT


ADU-da “Mənəviyyat böhranı - Narkomaniya” mövzusunda konfrans keçirilib

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Dillər Universitetinin (ADU) dəstəyi ilə universitetdə “Mənəviyyat böhranı - Narkomaniya” mövzusunda konfrans keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, konfransda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, ADU-nun təhsil fakültəsinin dekan müavini Ruslan Bağırov, Bakı şəhər Narkoloji Dispanserin həkim-narkoloqu Təriqə Quliyeva, araşdırmaçı-ekspert Tərxan Paşazadə, müəllimlər və tələbələr iştirak ediblər.

Universitetin dekan müavini Ruslan Bağırov gənclər arasında maarifləndirmə işinin aparılmasının böyük əhəmiyyətə malik olduğunu bildirib və ADU-da təşkil edilmiş konfransa görə minnətdarlığını ifadə edib.

“Mənəvi dəyərlər və gənclər” mövzusunda məruzə ilə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fondun fəaliyyəti haqqında məlumat verib. Ölkəmizdə əsrlərboyu formalaşmış dəyərlər sisteminin bütün neqativ hallarla mübarizədə vacib rol oynadığını qeyd edən M.İsmayılov gənclərin mənəvi dəyərlərimiz ətrafında sıx birləşməsinin vacibliyini vurğulayıb. İcraçı direktor Prezident İlham Əliyevin gənclər siyasətinin onların formalaşması üçün geniş imkanlar yaratdığını diqqətə çatdırıb.

Tədbirdə araşdırmaçı-ekspert Tərxan Paşazadənin “Bəşəri bəla - narkomaniya” mövzusunda slayd-təqdimatı keçirilib. T.Paşazadə dünya ölkələrində narkomaniya ilə bağlı mövcud vəziyyət, tendensiyalar və mübarizə yolları ilə bağlı ətraflı məlumat verib.

Bakı şəhər Narkoloji Dispanserin həkim-narkoloqu Təriqə Quliyeva narkomaniya ilə mübarizədə tibbi profilaktikanın əsasları barədə geniş məruzə ilə çıxış edib. T.Quliyeva narkomaniyanın insan orqanizminə törətdiyi fəsadlar və zərərli vərdişlərlə mübarizə metodları haqqında da gəncləri məlumatlandırıb.

Konfransın sonunda gənclərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.