ELM VƏ TƏHSİL
ADU-da Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor, Xalq yazıçısı Kamal Abdulla 1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıdışının faktiki olaraq ölkəmizi böyük bir fəlakətdən xilas etdiyini, vətəndaş müharibəsi astanasında duran bir xalqın öz inkişafına qovuşması üçün siyasi, iqtisadi və mənəvi bir mühit yaratdığını vurğulayıb. Ulu Öndərin bir çox qayıdışlara imza atdığını söyləyən K.Abdulla onun hakimiyyətə gəlişindən sonra mənəvi, siyasi və iqtisadi sahələrdə inkişaf yarandığını, bu inkişaf meyillərinin Prezident İlham Əliyevin fəaliyyətində də əsas olduğunu bildirib.
“Elə düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı bugünkü rahatlığına və rifahına görə Ulu Öndərə minnətdardır və minnətdar olaraq qalacaqdır. Onun qayıdışı millətimizi xilas yoluna çıxardı. O zamanlar Bakıda asudə şəraitdə gəzmək qeyri-mümkün idi. Müdrik rəhbər Heydər Əliyev bunun çıxış yolunu tapdı, addım-addım, səbirlə Azərbaycan həqiqətlərini dünyaya tanıtdı. Azərbaycan ətrafında həmin zamanlarda süni məngənə yaradılırdı. Bunun qarşısını alan və buna zərbə vuran məhz Heydər Əliyev oldu. Biz Ulu Öndərə, sözün həqiqi mənasında, səmimi qəlbdən minnətdar olmalıyıq”, - deyə rektor bildirib.
Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev ölkəmizin inkişafı yolunda ümummilli lider Heydər Əliyevin xidmətləri haqqında fikirlərini bölüşüb.
Daha sonra Milli Qurtuluş Günü ilə bağlı film nümayiş olunub.