ELM VƏ TƏHSİL
ADU-da Paris Sülh Konfransının 100 illiyinə dəyirmi masa həsr olunub
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) regionşünaslıq kafedrasının müəllimləri tərəfindən “Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyəti (AXC) nümayəndə heyətinin iştirakı” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Paris Sülh Konfransının 100 illiyinə həsr edilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, dəyirmi masada “Paris Sülh Konfransında AXC-Fransa, AXC-ABŞ, AXC-Böyük Britaniya münasibətləri” mövzusunda müzakirələr aparılıb. Tədbirdə regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva Paris Sülh Konfransının dünya tarixində əhəmiyyəti, konfransın niyə məhz Parisdə, “Güzgülü saray”da təşkil edilməsi, konfransın iştirakçı dövlətləri, xüsusən də ABŞ və Britaniya nümayəndə heyətləri barədə məlumat verib. O, həmçinin Paris Sülh Konfransında iştirakın Azərbaycan nümayəndə heyəti üçün əhəmiyyətini qeyd edib.
Dəyirmi masada çıxış edənlər AXC nümayəndə heyətinin konfransa gələrkən üzləşdikləri problemlərdən, Ermənistan nümayəndə heyətinin Parisə daha tez gələrək Azərbaycan əleyhinə təbliğat aparmasından və bunların Fransa ilə münasibətlərimizə təsirindən danışıblar. Çıxışlarda Böyük Britaniya rəsmiləri ilə əlaqələrin qurulmasının Azərbaycan üçün əhəmiyyəti, nümayəndə heyətimizin ABŞ prezidenti Vudro Vilsonla görüşünün AXC dövrünün diplomatiya tarixində ən diqqətəlayiq uğurlardan biri olduğu vurğulanıb.