ELM VƏ TƏHSİL


ADU-da “Total imla” adlı beynəlxalq aksiya təşkil edilib

Bakı, 15 aprel, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyası, Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyi, Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının təşkilatçılığı ilə “Total imla” adlı beynəlxalq aksiya keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, dünyanın 80 ölkəsində keçirilən beynəlxalq aksiya Azərbaycanda dördüncü dəfə, ADU-da isə ilk dəfə olaraq reallaşıb və 100-dən çox iştirakçını, o cümlədən məktəbliləri, tələbələri, universitet müəllimlərini, habelə müxtəlif peşə sahiblərini və təqaüdçüləri bir araya gətirib.

ADU-nun rektorunun təşkilati məsələlər üzrə müşaviri, dosent Seyfəl Həsənov aksiya iştirakçılarını universitet rəhbərliyi adından salamlayıb və hər kəsə uğurlar arzulayıb.

Sonra Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Aleksandr Kalamin çıxış edib. O bildirib ki, aksiya hər il yeni iştirakçıları cəlb edərək populyarlığını davamlı şəkildə saxlayır: “Çox şadam ki, Azərbaycanın müxtəlif universitetləri bu tədbirə böyük maraq göstərərək öz platformalarını təqdim edir. Bu il isə təşəbbüsü Azərbaycan Dillər Universiteti göstərdi. Bu dəstəyə görə sizə minnətdarlığımı bildirirəm”.

Bu il “Total imla”nın mətninin müəllifi məşhur rus yazıçısı və ədəbiyyatşünas Pavel Basinski olub. “Total imla”nın Bakı iştirakçıları Maksim Qorkinin “Na dne” əsərinin “Lovets duş” adlı üçüncü hissəsini yazıblar. “Total diktator” qismində ADU-nun rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Diana Hüseynzadə çıxış edib.

İlk dəfə “Total imla” 2004-cü ildə Novosibirsk Dövlət Universitetinin humanitar fakültəsinin tələbələri tərəfindən keçirilib. Novosibirskdə yerləşən “Total imla” Fondu tərəfindən təşkil olunan aksiyanı dünyanın müxtəlif yerlərində fəallar və könüllülər reallaşdırır. “Total imla” yaşından, milliyyətindən, təhsil səviyyəsindən və sosial vəziyyətindən asılı olmayaraq bütün maraqlanan şəxslər üçün hər il keçirilən təhsil aksiyasıdır. Rus dilini sevənləri birləşdirən “Total imla” aksiyasının əsas şüarı belədir: “Düzgün yazmaq dəbdir”.

Bu il dünyanın 3000-dən çox platformasında təxminən 250 min adam bu aksiyada iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.