ELM VƏ TƏHSİL


ADU-da Ülvi Bünyadzadənin xatirəsi anılıb

Bakı, 23 sentyabr, AZƏRTAC 

Sentyabrın 23-də Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidi, bu ali məktəbin tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 50-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, mərasimdə çıxış edən rektor Kamal Abdulla təhsil ocağında əlamətdar günün yaşandığını qeyd edib, Ülvi Bünyadzadənin xatirələrdə, qəlblərdə yaşadığını diqqətə çatdırıb: “Mən ona auditoriyada dərs demişəm, ünsiyyətimiz olub. Onun həmin Qanlı Yanvar günlərində şəhid olması, bəlkə də, təsadüfi deyildi. Çünki Ülvi o ağır məngənədə sıxılıb yaşaya bilməzdi. O, çılğın, üsyankar, alovlu nitqlər söyləyən insan deyildi, sakit, başıaşağı, son dərəcə tərbiyəli, qəlbləri ovsunlayan oğlan idi. Gözəl şeirlər yazırdı. Biz onun şeirlərini, bədii yaradıcılığını öz universitetimizdə əbədiləşdirmək üçün bir sıra addımlar atmaq fikrindəyik, şeirlərini universitetdə tədris olunan bütün dillərə tərcümə etməyi düşünürük. Biz sevinirik ki, Ülvi Bünyadzadə bu gün yalnız bizim yaddaşımızda yaşamır, bütövlükdə xalqımızın yaddaşında yaşayır. Mən inanıram ki, onun ruhu bu gün şaddır. Çünki Ülvinin arzuladığı Azərbaycan, getdiyi yolla addımlayan, gedə bilən yüzlərlə, minlərlə, on minlərlə gənclərimiz bu gün var. Bu gün Azərbaycanı öz layiqli, xoşbəxt gələcəyə aparan Prezidentimiz var. Bu gün Azərbaycanın öz yolu var”.

Şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Könül Bünyadzadə qardaşı haqqında xatirələrini bölüşüb və deyib ki, insanlar Ülvinin addımları, düşüncələri ilə qürur duyurlar: “Fəlsəfədə belə bir şey var ki, səni xatırlayan varsa, deməli, sağsan. Bunu hər dəfə oxuyanda ilk olaraq yadıma düşən Ülvi və onu xatırlayanlar olur. Bu il Ülvinin 50 yaşı olub. Qəribədir ki, onun doğum günü əvvəl ailə hadisəsi idisə, son 30 ildə daha böyük miqyasda qeyd olunur. Ülvinin muzeyi auditoriyaya köçürüləndən sonra belə hiss etdim ki, Ülvi muzey eksponatı deyil, Ülvi buranın tələbəsidir. Ülvi öyrənməyin hər zaman tərəfdarı idi. Əminəm ki, bu auditoriyada elə şeylər öyrədilir ki, Ülvi hələ də öyrənir. Bundan əlavə, Ülvi həm də öyrədir. Ülvi nümunəvi tələbə kimi kənarda durub. Şəhidlik həm qanla, həm də qələminlə olur. Əgər sən öz ömrünü xalqa həsr edirsənsə, deməli, sən də şəhidsən. Ülvi şeirlərində dediklərini həm də qanı ilə sübut etdi. Mən həmişə bu universitetin tələbələrinə həsəd aparıram ki, onlar Ülvinin gəzdiyi dəhlizlərdə gəzirlər, ona dərs deyən müəllimlərdən dərs alırlar. Bizim ailəmiz bu universitetdə hər zaman xoş, isti münasibət görüb. Ülvinin nəfəsini bu universitetdə yaşatdığınız üçün hər birinizə təşəkkür edirəm”.

“525-ci qəzet”in redaktor müavini, tərcüməçi-publisist Seyfəddin Hüseynli, ADU-nun Qafqazşünaslıq kafedrasının müdiri, professor Əsgər Zeynalov, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva Ülvi Bünyadzadənin bədii irsi, tələbəlik illərindən söz açıb, xatirələrini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.