ELM VƏ TƏHSİL
ADU-da “XXI əsrin dəniz İpək Yolu” mövzusunda elmi seminar
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə görkəmli Çin səyyahı və diplomatı Çjen Xenin şərəfinə təsis edilmiş “Dəniz günü” Çin bayramına həsr olunan “XXI əsrin dəniz İpək Yolu” mövzusunda elmi seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru, professor Rafiq Abbasov iqtisadi İpək Yolu kəməri və XXI əsrin dəniz İpək Yolunun yaradılması daxil olmaqla Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsinin Azərbaycan tərəfindən dəstəkləndiyini deyib. O, bu yaxınlarda Prezident İlham Əliyev ilə Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin görüşünü xatırladaraq orada Çindən Avropaya nəqliyyat marşrutunda Azərbaycanın mühüm tranzit rolu oynadığının vurğulandığını diqqətə çatdırıb.
ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri məruzələrində dəniz İpək Yolunun əsas marşrutlarının xüsusiyyətləri, Çin ticarət gəmiçilik tarixi, görkəmli Çin müsəlman admiralı Çjen Xenin rəhbərliyi altında dəniz ekspedisiyaları, tarixi İpək Yolunun dirçəlişi üçün Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti haqqında məlumat veriblər.
Seminar çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Ülkər Əliyevanın “XXI əsrin əvvəllərində Amerika-Çin münasibətləri” monoqrafiyasının təqdimatı keçirilib.
Seminarda, həmçinin ÇXR-in Azərbaycandakı səfirliyinin əməkdaşı Çjen Xaynin iştirak edib.