ELM VƏ TƏHSİL


ADU-da abituriyentlərin sənəd qəbuluna könüllü tələbələr kömək edirlər

Bakı, 15 avqust, AZƏRTAC 

2019/2020-ci tədris ilində Azərbaycan Dillər Universitetinin (ADU) bakalavr pilləsinin I kursuna qəbul оlmuş abituriyentlərin sənəd qəbulu başlanıb.

Sənəd qəbulu komissiyasının məsul şəxsi Məmməd İsmayılov AZƏRTAC-a bildirib ki, qəbul prosesi birinci mərhələdə avqustun 27-dək davam edəcək və əsas qəbulda iştirak edən tələbələr sənədlərini təqdim edəcəklər: “Artıq müraciətlər vardır. Tələbələr gəliblər, sənədlərini qeydiyyatdan keçiririk. Hələlik heç bir problem yoxdur. Hər şey öz qaydasında gedir. Sənəd qəbulu qısa zaman tələb edir, sonra isə tələbələrin müqavilələrini təqdim edirik. Sənəd qəbulu prosesinə universitetin əməkdaşları və əvvəlki illərdə olduğu kimi könüllü tələbələr kömək edirlər”.

138 nömrəli tam orta məktəbi bitirən və ADU-nun Təhsil fakültəsinin xarici dil müəllimliyi (ingilis dili) ixtisasına qəbul olan Rüfət Kazımov ingilis dilindən əlavə başqa bir dil öyrənməyi də düşünür. Dil öyrənməyə hədsiz marağı onun müxtəlif dilləri professional səviyyədə tədris etməklə ölkə miqyasında özünəməxsus yer tutan Azərbaycan Dillər Universitetini seçməsinə səbəb olub: “Dil tədrisi ilə məşğul olan tədris müəssisəsi kimi ADU-nun perspektivli olduğunu fikirləşirəm. Xəbəri eşidəndə çox sevindim. Amma intuitiv olaraq bilirdim ki, bu universitetə qəbul olacağam”.

299 nömrəli tam orta məktəbi bitirən və ADU-nun Təhsil fakültəsinin xarici dil müəllimliyi (ingilis dili) ixtisasına 534 balla daxil olan Nəzrin Səfərəliyeva ADU-nun tələbəsi adını qazanmağın uşaqlıq xəyalı olduğunu qeyd edib: “Tələbə adını qazandığım an böyük sevinc hissi keçirdim”.

Təhsil fakültəsinin ingilis dili müəllimliyi ixtisasına 522 balla qəbul olan İlahə Bəşirlinin valideyni Gülnarə Bəşirova sevinc hissi keçirdiyini söyləyib. O, övladının bu universiteti seçməsini məhz İlahənin öz arzusu olduğunu əlavə edib.

Həmin fakültənin xarici dil müəllimliyi (ingilis dili) ixtisasına 542 balla qəbul olan Rüfət Kazımovun valideyni Xanım Kazımova ADU-nu seçməsinin məhz övladının 9-cu sinifdən arzusu olduğunu deyib: “Ona görə az qala sevincindən uçurdu. Övladım arzusuna yetdi. Valideyn olaraq mən də həmişə onu dəstəkləyəcəyəm. İnsan bir peşəni sevmirsə, həmin sahədə işləməyə dəyməz”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.