ELM VƏ TƏHSİL
ADU-da dəyirmi masa: “Nəsimi irsi dünya ədəbi-fəlsəfi baxışlar kontekstində”
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 28-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrası və azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Nəsimi irsi dünya ədəbi-fəlsəfi baxışlar kontekstində” mövzusunda dəyirmi masa keçirilib. Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbirdə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla deyib: “Azərbaycan Prezidentinin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunmasının böyük əhəmiyyəti var. İnanıram ki, il ərzində biz Nəsimiyə bu və ya digər rakursdan baxa-baxa özümüz zənginləşəcəyik, öz klassikimizin, söz dühasının hansı fəlsəfi və bədii qaynaqlara getdiyini daha dərindən araşdıracağıq”.
Universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov Nəsiminin hürufilik fəlsəfəsinin əsas qayəsindən, Mövlanə Cəlaləddin Rumi ilə Nəsiminin ideya və bədii estetik cəhətdən əlaqələrindən danışıb.
Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, professor Niyazi Mehdi “Nəsimi şeirləri və mistik filosofemlər” mövzusunda çıxış edərək şairin ideyalarının təhlilini aparıb.
Dəyirmi masa müzakirələrlə yekunlaşıb.