QAN YADDAŞI
ADU-da dəyirmi masa: “Tarix heç nəyi unutmur!”
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Azərbaycan Dillər Universitetinin (ADU) magistratura və doktorantura şöbələrinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş “Tarix heç nəyi unutmur!” adlı dəyirmi masa keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, magistratura şöbəsinin müdiri Firuzə Rzayeva 27 il əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Azərbaycanın Xocalı şəhərində törətdikləri vəhşiliklərdən danışıb. O, Xocalıda dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini vurğulayıb. Xocalı həqiqətlərinin dünyaya çatdırılması baxımından tədrisdə bu mövzulara daha çox yer verilməsinin əhəmiyyətli olduğunu deyib.
Universitetin regionşünaslıq kafedrasının dosenti Namiq Kərimov, baş müəllimi Ramin Quliyev, doktorantlar Cavid Zeynalov və Qismət Rüstəmov Xocalıda törədilən vəhşiliklərdən söhbət açıblar.
Magistrantlar Lətifə Qasımova, Zəhra Fətullayeva, Türkan Gülməmmədli, Leyla Bayramova “Xocalı faciəsi xarici mətbuatda”, “Xocalı faciəsi erməni vandalizminin bariz nümunəsi kimi” mövzularında məruzə ilə çıxış ediblər.