ELM VƏ TƏHSİL


ADU-da fəaliyyət göstərən İspan dili mərkəzinin 10 illiyi qeyd olunub

Bakı, 13 may, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən İspan dili mərkəzinin yaradılmasının 10 illiyi ilə əlaqədar tədbir keçirilib.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, mərasimdə səkkiz ispandilli ölkənin Azərbaycandakı səfirləri iştirak ediblər.

ADU-nun rektoru akademik Kamal Abdulla İspan dili mərkəzinin yaradılmasının 10 illiyinin qeyd olunmasını əlamətdar hadisə kimi dəyərləndirib. Rektor qeyd edib ki, universitetdə ispandilli ölkələrin dili, tarixi, mədəniyyəti və müasir dünyadakı yeri tələbələr tərəfindən böyük maraqla öyrənilir: “Bugünkü tədbirimizdə iştirak edən səfirlərə və bütün qonaqlara təşəkkür edirəm ki, əlamətdar və gözəl gündə bizimlə bir yerdədirlər. Bu mərkəz ispandilli ölkələrlə, universitetlərlə, gəncliklə əlaqəmizin son dərəcə önəmli bir məkanıdır. Ümid edirəm ki, İspan dili mərkəzimiz bundan sonra da ispandilli ölkələrin universitetləri ilə əlaqələrini gözəl şəkildə quracaq və Azərbaycan Dillər Universitetinin təkcə ispandilli tələbələri yox, başqa ixtisaslarda oxuyan tələbələri də bundan faydalanacaqlar. Hər kəsi bu gözəl gün münasibətilə ürəkdən təbrik edirəm”.

Təntənəli yubiley mərasimində tələbələrin ifasında ispandilli ölkələrin rəqsləri və mahnıları səslənib, müxtəlif məzmunlu səhnəciklər təqdim olunub.

Qeyd edək ki, İspan dili mərkəzi 2012-ci il mayın 7-də ADU və İspaniyanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə açılıb. Mərkəzdə təxminən 690-a yaxın kitab resursuna malik, ispan, Azərbaycan və rus dillərində kitab və jurnalları olan zəngin kitabxana fəaliyyət göstərir. Burada olan kitablar mədəniyyət, tarix, siyasət, ədəbiyyat, din və dil kateqoriyaları üzrə qruplaşdırılıb. Kitabxanadan istənilən şəxs qeydiyyatdan keçərək istifadə edə bilər. Mərkəz indiyədək bir sıra tədbirlərin keçirilməsinə təşkilatçılıq edib. Mütəmadi olaraq ispandilli müəllim tərəfindən “Club de Conversación” (Danışıq klubu) təşkil olunur. Azərbaycanda ispandilli ölkələrin rəsmi nümayəndəlikləri, səfirliklər mütəmadi olaraq mərkəzdə keçirilən tədbirlərdə fəal iştirak edir, tələbə və müəllimlərlə sıx əməkdaşlıq edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.