ELM VƏ TƏHSİL
ADU-da linqvokulturologiyanın müasir problemləri ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Bakı, 20 may, AZƏRTAC
İyunun 17-də Azərbaycan Dillər Universitetində (ADU) “Linqvokulturologiyanın müasir problemləri – reallıqlar, perspektivlər” mövzusunda I beynəlxalq elmi konfrans keçiriləcək.
ADU-dan AZƏRTAC-a bildirilib ki, konfrans elmlərarası inteqrasiya linqvokulturoloji anlamda, xarici dillərin tədrisinin linqvokulturoloji aspektləri, qloballaşma şəraitində linqvokulturologiyanın aktual məsələləri, mədəniyyətlərarası ünsiyyət və tərcümənin linqvokulturoloji problemləri və s. mövzuları əhatə edəcək.
Konfransa göndərilmiş, antiplagiat sistemində yoxlanılmış və təşkilat komitəsinin müsbət rəy verdiyi tezislər çap ediləcək. Tezislər iyunun 1-dək göndərilməlidir. Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilmir, bununla bağlı müəlliflərə əlavə məlumat verilmir.