ELM VƏ TƏHSİL
ADU-da linqvokulturologiyanın müasir problemlərinə dair beynəlxalq konfrans təşkil olunub
Bakı, 17 iyun, AZƏRTAC
İyunun 17-də Azərbaycan Dillər Universitetində (ADU) “Linqvokulturologiyanın müasir problemləri - reallıqlar, perspektivlər” mövzusunda beynəlxalq elmi konfransın plenar iclası keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Konfransın elmi əhəmiyyətindən danışan ADU-nun rektoru akademik Kamal Abdulla bildirib: “Hər bir xalqın dilini, adət-ənənəsini, tarixini öyrənmək üçün məhz linqvokulturoloji məsələlərə diqqət etmək önəmlidir. Məhz bu konfransda dünyanın bir sıra ölkələrindən olan alim və professorlar öz məruzələri ilə çıxış edəcək. Bu çıxışların hər biri elmi-tədqiqat baxımından xüsusi əhəmiyyət kəsb edir. Konfransda gənclərin də aktiv rol alması qeyd olunmalıdır. Ümid edirəm ki, konfrans işini uğurla yerinə yetirəcək, gənc alimlər bu konfrans vasitəsilə mühüm təcrübə əldə edəcəklər”.
Qeyd olunub ki, konfransda Rusiya, Ukrayna, Rumıniya, Serbiya, Polşa, Türkiyə, Səudiyyə Ərəbistanı, Gürcüstan, Özbəkistan və Qazaxıstandan alimlər iştirak edirlər.
ADU-nun elmi işlər üzrə prorektoru professor Novruz Məmmədov konfransla bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, konfransda həm yerli, həm də xarici universitetlərin alim və professorlarının iştirakı elmi mübadilələrin aparılması baxımından əlverişli imkanların olması deməkdir.
Bildirilib ki, konfrans elmlərarası inteqrasiya linqvokulturoloji anlamda, xarici dillərin tədrisinin linqvokulturoloji aspektləri, qloballaşma şəraitində linqvokulturologiyanın aktual məsələləri, mədəniyyətlərarası ünsiyyət və tərcümənin linqvokulturoloji problemləri və s. mövzuları əhatə edir.
Konfransda Moskva Dövlət Pedaqoji Universitetinin prorektoru və Samara Milli Universitetinin Federasiya Şurasının professoru Elçin Həşimov “Çoxmədəniyyətli məkanda mədəniyyətin kommunikativ potensialı: mədəniyyətlərin dialoqu”, İctimai Elmlər Universitetinin professoru İqa Mariya Lehman “Qayıdış konsepti vasitəsilə akademik yazıda ünsiyyətin səmərəliliyinin artırılması”, Azərbaycan Dillər Universitetinin Rumın Dili və Mədəniyyəti mərkəzinin direktoru Josefina Blazsani-Batto “Mədəni irsin mənimsənilməsi vasitəsilə dilin öyrənilməsi”, Belqrad Universitetinin və Birləşmiş Millətlər Sülh Universitetinin Avropa Sülh və İnkişaf Mərkəzinin professoru Ljiljana Markovic “Yapon dilinin tədrisinin sosial-mədəni aspektləri” mövzularında çıxış ediblər.
Konfrans bölmə iclasları ilə davam edib.