ELM VƏ TƏHSİL
ADU-da qış imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub VİDEO
Bakı, 9 yanvar, AZƏRTAC
Yanvarın 9-da Azərbaycan Dillər Universitetində (ADU) 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə universitetin rektoru, akademik Kamal Abdulla mediaturda iştirak edən təhsil ekspertləri, KİV və ictimaiyyət nümayəndələri, QHT təmsilçiləri ilə görüşüb. Rektor qış imtahan sessiyasının təşkilində həyata keçirilən yeniliklərdən danışıb. Bildirilib ki, imtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 3 saat, əlavə vaxta ehtiyac yarandığı halda bunun nəzərə alınması müəyyənləşdirilib. Tələbələrin müraciətləri əsasında imtahanların nəticələri üzrə apellyasiya ərizələrinə baxılması növbəti imtahana qədər təşkil olunub, hər bir imtahan otağında tələbələrə kömək məqsədilə lüğət və proqram qoyulub.
Universitetin tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev imtahan prosesi barədə danışıb.
Qeyd edək ki, 2018-2019-cu tədris ilinin qış semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə ADU-nun rektoru, akademik K.Abdulla tərəfindən müvafiq əmr imzalanıb. İmtahan sessiyası əyani şöbədə fevralın 4-dək davam edəcək.
Əmrdə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, biliyin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin edilməsi bildirilib. Həmçinin imtahanlarda baş verə biləcək mənfi halların qarşısını almaq üçün tədbirlərin görülməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək məqsədilə tələbə təşkilatlarının imtahanın keçirilməsində iştirakını, valideynlərin imtahan sessiyasını müşahidə etməsini təmin etmək məsələləri nəzərdə tutulub.
ADU-da imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə imtahan sessiyası dövründə yarana biləcək mənfi halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun təşkilinə kömək məqsədilə Operativ Qərargah fəaliyyət göstərir. Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.
Təhsil ekspertləri, KİV və ictimaiyyət nümayəndələri, QHT təmsilçiləri imtahanların gedişini izləyib, ADU-da qış imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər.