ELM VƏ TƏHSİL
ADU-da tədbir: “Azərbaycan Demokratik Respublikasının dil siyasəti”
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 20-də Azərbaycan Dillər Universitetində (ADU) “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş “Azərbaycan Demokratik Respublikasının dil siyasəti” mövzusunda tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev 1918-ci ilin Azərbaycan xalqının tarixində yaddaqalan hadisələrlə zəngin olduğunu söyləyib. Məhz həmin ilin 28 may tarixində Şərqdə ilk demokratik respublikanın yarandığını xatırladan professor bunu bütün Şərq xalqlarının həyatında ictimai-siyasi hadisə kimi xarakterizə edib. Professor deyib: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bütün Şərqə sübut etdi ki, xalq əsarətdə olmasa, güclü inkişafa nail ola bilər”. A.Babayev daha sonra AXC dövründə dil siyasəti və təhsil sahəsindəki islahatlar barədə danışıb, ana dilimiz haqqında verilən qərarların əhəmiyyətini qeyd edib.
Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov bildirib ki, AXC 23 aylıq hakimiyyəti dövründə bir çox ciddi qərarlar qəbul edib. Bunlara nümunə olaraq Azərbaycan (türk) dilinin dövlət dili kimi qəbul edilməsini, Darülfunun (Bakı Universitetinin) açılmasını göstərmək olar. O, eyni zamanda, AXC dövründə qəbul olunmuş “Son türk əlifbası” və türk dünyasındakı əlifba proseslərindən söz açıb.
Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov AXC-nin əlifba islahatından bəhs edib. Bildirib ki, 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultayda ərəb əlifbasından imtinaya ən çox etiraz edən tatar və qazax türkoloqları olub. Onlar fikirlərini belə əsaslandırıblar ki, osmanlı və Azərbaycan türkçəsini Türküstan türkləri başa düşmür. Daha sonra M.Rəsulzadənin ərəb əlifbasından imtina etməyə qarşı çıxmasına aydınlıq gətirən M.İmanov bildirib ki, yazılı ədəbiyyatımızın 9 əsrə yaxın ərəb qrafikasında yazılması baxımından bu əlifbadan imtina etmək məqsədəuyğun deyil.
Digər çıxış edənlər də Azərbaycanda dil siyasətinin mərhələləri və bu yolda aparılan mübarizədən, sovet dönəmində ümummilli lider Heydər Əliyevin ana dilimizin qorunmasında göstərdiyi xidmətlərdən, AXC-nin qısa zamanda apardığı uğurlu siyasətin tərkib hissəsi olan dil və təhsil siyasətindən danışıblar.
Qeyd edək ki, ADU-nun rektoru, akademik Kamal Abdullanın ideya müəllifi olduğu “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində gələcəkdə “Dil və fəlsəfə”, “Dil və ədəbiyyat”, “Dil və mədəniyyət” kimi tədbirlərin keçirilməsi nəzərdə tutulur.