ELM VƏ TƏHSİL
ADU-da tədbir: “Heydər Əliyev və ədəbiyyatımız”
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 25-də Azərbaycan Dillər Universitetində (ADU) filologiya və jurnalistika fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrası tərəfindən “Heydər Əliyev və ədəbiyyatımız” mövzusunda tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, kafedra müdiri, akademik Muxtar İmanov ümummilli lider Heydər Əliyevin hər zaman Azərbaycan ədəbiyyatının nümayəndələrinə göstərdiyi diqqət və qayğıdan danışıb.
Muxtar İmanov deyib: “Ulu öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatına və bu sahənin adamlarına münasibəti dövlət siyasətinin tərkib hissəsi olub. Ümummilli Lider ədəbiyyatımızdakı hadisələrə tarixilik nöqteyi-nəzərdən yüksək qiymət verirdi. Nəzərdə tutduğu əsas hədəflərdən biri Azərbaycan tarixini, onun mədəniyyətini dünyaya tanıtmaq idi. Müstəqillik dövrünün Azərbaycan tarixində görkəmli dövlət xadimi Heydər Əliyevin ən mühüm addımlarından biri “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin UNESCO səviyyəsində keçirilməsi oldu”.
Akademik Muxtar İmanov Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan ədəbiyyatının inkişafı istiqamətində görülən böyük işlərdən geniş söz açıb.
Sonra “Heydər Əliyev və ədəbiyyatımız” mövzusunda videoçarx nümayiş olunub.
Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova Ümummilli Liderin Azərbaycan ədəbiyyatının klassik nümayəndələrinin yubileylərinin keçirilməsi, onların əsərlərinin dünya miqyasında tanıdılması, şair və yazıçılara fəxri adların və mükafatların verilməsi istiqamətində gördüyü işlərdən söz açıb.
ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının dosentləri Dilbər Zeynalova və Nurlanə Mustafayeva ulu öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafı istiqamətində gördüyü işlərdən danışıblar.
Tədbir müzakirələrlə yekunlaşıb.