ELM VƏ TƏHSİL
ADU-da tədbir: “Zərif imzalar”
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) tələbə elmi cəmiyyətinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Zərif imzalar” adlı tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə qadınları bayram münasibətilə təbrik edən rektor Kamal Abdulla Azərbaycan qadınlarının fədakarlığından söz açıb.
Azərbaycan multikulturalizmindən danışan rektor bildirib ki, bu istiqamətin dünya arenasına çıxmasında Prezident İlham Əliyevlə yanaşı, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər böyük əhəmiyyət kəsb edir.
Milli Məclisin deputatları Dilarə Cəbrayılova və Pərvin Kərimzadə, Əməkdar elm xadimi, jurnalist Nailə İslamzadə, Nərimanov rayonu 45 nömrəli məktəbin direktoru Nəcibə Axundova, Səbail rayonunun bələdiyyə sədri Mehriban Paşayeva Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi, sosial, iqtisadi həyatında fəaliyyətlərindən söz açıblar.
Universitetin beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbəsi Kənan Hücətzadə, təhsil fakültəsinin tələbəsi Aygün Məmmədova Azərbaycan tarixində ilklərə imza atmış tanınmış qadınlar haqqında məlumat veriblər.
Daha sonra “Azərbaycan qadınları” adlı videoçarx nümayiş olunub.