ELM VƏ TƏHSİL


ADU-da tələbə-şagird konfransı: Heydər Əliyev və qüdrətli Azərbaycan

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr edilmiş “Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda respublika tələbə-şagird elmi konfransının açılış mərasimi olub.

Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla konfransın tələbələrin yeni elmi biliklərin əldə olunması baxımından əhəmiyyətini vurğulayıb: “Bu konfransın keçirilməsi hər bir tələbə üçün yeni elmi araşdırmaların aparılması, elmi təcrübələrin qazanılması üçün əlverişli imkanlar verir. Bu imkanlardan istifadə etməklə tələbələr gələcək elmi fəaliyyətlərində daha uğurlu nəticələr əldə edə biləcəklər. Gənclər, tələbələr ulu öndər Heydər Əliyevin bizə əmanətidir. Mən bunu hər zaman qeyd edirəm. Tələbələrin savadlı və peşəkar olması vacibdir. Tələbələrin dövlətimiz üçün, Vətənimiz üçün daha faydalı vətəndaş kimi formalaşması qarşıya qoyulan əsas məqsədlərdən biridir. Buna görə də hər biriniz öz işinizdə faydalı olmalı, dövlətimizin, millətimizin parlaq gələcəyi naminə yorulmadan çalışmalısınız”.

ADU-nun elmi işlər üzrə prorektoru professor Novruz Məmmədov konfransla bağlı fikirlərini bölüşüb. Qeyd olunub ki, kafedralarda müzakirə olunacaq mövzular elmi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu mövzular tədqiqatçılar üçün yeni elmi işlərin hazırlanması və araşdırılmaların aparılması yönündə xüsusi önəm daşıyır.

Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı Tamam Cəfərova çıxışında konfransın ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilməsinin təsadüfi olmadığını deyib. Bildirib ki, bu konfrans ADU-nun Ulu Öndərin əziz xatirəsinə olan dərin ehtiramının göstəricisidir. “Konfrans tələbə və şagirdlərin təhsil almasına verilən böyük töhfədir. Bu, əlbəttə, məktəblərin ali təhsil ocaqları ilə əlaqələrini daha da möhkəmləndirir. Digər tərəfdən isə bu cür konfranslar bizim şagirdlərimizə gələcəkdə ixtisas seçimində böyük kömək olacaq”,- deyə prorektor əlavə edib.

Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov isə tələbələri konfrans materiallarından səmərəli şəkildə istifadə etməyə çağırıb.

ADU-nun tələbələri Günel Məmmədli, Jalə Eyvazova və Arzu Məmmədova çıxışlarında Azərbaycanı zamanın çətin sınaqlarından çıxarmış dahi şəxsiyyət Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti haqqında məlumat veriblər. Qeyd olunub ki, Ulu Öndərin möhkəm siyasi iradəsi sayəsində həyata keçirdiyi dərin islahatlar bugünkü modern və dayanıqlı inkişaf yolu ilə gedən Azərbaycan Respublikasının qlobal miqyasda öz layiqli yerini tutmasında müstəsna rol oynayıb.

Konfrans bölmə iclasları ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.