ELM VƏ TƏHSİL
ADU-da ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Azərbaycan Dillər Universitetində (ADU) ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Tədbirdə ADU-nun rektoru akademik Kamal Abdulla Ulu Öndərin həyat yolundan danışıb. Bildirilib ki, Heydər Əliyev tarixi şəxsiyyət kimi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq: “Böyük qürur hissi ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti özünün yeni, müasir inkişaf dövrünü yaşayır. Hər birimiz Heydər Əliyevin dövlətçilik amallarına sadiq qalaraq Ulu Öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşərək əlimizdən gələni əsirgəməməli, dövlət başçısının yüksək etimadına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi üçün öz vəzifələrimizi layiqincə yerinə yetirməli və daha əzmkarlıqla çalışmalıyıq”.
Qeyd olunub ki, Ulu Öndər bütün həyatını Azərbaycan xalqına və onun müstəqilliyinə həsr edib. Heydər Əliyevin misilsiz xidmətləri bu gün Azərbaycanı möhkəm və qüdrətli bir dövlətə çevirib. Şübhəsiz ki, Heydər Əliyev dühasını, onun xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək qeyri-mümkündür. Ulu Öndərimizin böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur. Zaman keçdikcə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə hünər rəmzinə çevrilir.
Akademik Kamal Abdulla Ulu Öndərlə olan görüşlərdən söz açıb. Rektor bildirib ki, Heydər Əliyevlə görüşmək şərəfinə nail olduğu üçün özünü xoşbəxt hiss edir: “Ulu Öndər elə bir dahi şəxsiyyət idi ki, hər kəs onunla ünsiyyət qurmaq, onu dinləmək istəyirdi. O, gənclərə xüsusi diqqət göstərirdi və gənclərə böyük inamı vardı. Yadımdadır, bir dəfə tələbələrlə görüş zamanı üzünü rektorlara tutub dedi: “Bu gənclər mənim sizə əmanətimdir!” Bu sözləri uzun illərdir xatırlayıram və heç vaxt unuda bilmərəm”.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyət Heydər Əliyev haqqında dünyanın məşhur simalarının necə heyranlıqla, ehtiramla danışdıqlarını diqqətə çatdırıb.
Professor Vaqif Şadlinski dahi şəxsiyyət haqqında ürək sözlərini bölüşüb. Qeyd olunub ki, Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcək.
ADU-nun magistrantı İlahə Həsənzadə “Ulu öndər Heydər Əliyevin gənclər siyasəti” mövzusunda çıxış edib. Bildirilib ki, Heydər Əliyev daim gənclərin bilik və bacarıqlarının artırılması, sağlam gələcəyin qurulması naminə böyük işlərin həyata keçirilməsi üçün bütün gücünü səfərbər etmişdi.
Tədbir tələbələrin hazırladıqları bədii hissə ilə davam edib.