ELM VƏ TƏHSİL


ADU-da ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən beynəlxalq simpozium keçirilir

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin Germanistika institutlarının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” mövzusunda beynəlxalq simpoziumun açılışı olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan Dillər Universitetinin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Tədbiri giriş sözü ilə açan ADU-nun rektoru akademik Kamal Abdulla simpoziumun xalqımız üçün çox əlamətdar olan bir günə - ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsinə təsadüf etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, simpoziumun konsepsiyasını qloballaşma prosesinin akademik elmə nüfuz etməsi, bilik və tədqiqat sahələri arasındakı sərhədlərin azalması kimi faktorlar, mədəni mübadilə proseslərini öyrənən yeni bir istiqamətin - mədəniyyət transferi sahəsinin yaranmasına gətirməsi təşkil edir. ADU-da bir çox ölkələrin dil və mədəniyyətlərinin təbliğ olunduğunu vurğulayan rektor beynəlxalq simpoziumun Azərbaycan-Almaniya elmi-ədəbi və mədəni əlaqələrinə töhfə verəcəyini qeyd edib. “İnanıram ki, simpoziumdan sonra da əməkdaşlığımız davam edəcək”, - deyən rektor xarici ölkə alimlərinə, eləcə də tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında deyib ki, ölkəmizin hər yerində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü təntənə ilə qeyd edilir. İki universitetin birgə təşkil etdiyi “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” mövzusunda beynəlxalq simpozium da bu tədbirlərdən biridir və Ulu Öndərə dərin ehtiramın bariz nümunəsidir. Ulu Öndərin həmişə elm və təhsilə xüsusi qayğı ilə yanaşdığı, o cümlədən xarici ölkələrin elmi qurumları ilə əməkdaşlığa önəm verdiyi vurğulanıb.

Bakı Slavyan Universitetinin rektoru siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev yeni elmi istiqamətlərin və tədqiqatların önəmindən, gənc alimlərin bu simpoziumda iştirakının vacibliyindən söz açıb.

Beynəlxalq tədbirdə Avstriyanın Azərbaycandakı səfiri Aleksandr Bayerl çıxış edərək qarşılıqlı əməkdaşlığın faydalarını diqqətə çatdırıb.

Simpoziuma İtaliyadan qoşulan Germanistika üzrə Beynəlxalq Assosiasiyanın prezidenti Laura Auteri tədbirin əhəmiyyətindən, yeni əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətlərindən danışıb. Qeyd olunub ki, bu əlaqələr ölkələrarası münasibətlərə də öz töhfəsini verəcək.

Almaniyanın Azərbaycandakı səfirinin müavini Heiko Şvarts tədbirin yüksək səviyyədə təşkil olunduğunu, elmi tədqiqat üçün əlverişli imkanlar yaratdığını bildirib.

Çıxışlarda vurğulanıb ki, simpozium çoxşaxəli elmi yaradıcılıq imkanlarının müəyyən olunmasında və istedadlı alimlərin yetişməsində xüsusi rol oynayır. Nümayiş olunan filmlər və təqdim olunan kitablar simpoziumun proqramına rəngarənglik qatır.

Simpoziumda Almaniya, Avstriya, İtaliya, Türkiyə, Qazaxıstan, Gürcüstan və digər ölkələrin müxtəlif universitetlərindən olan alim və professorlar, gənc tədqiqatçılar iştirak ediblər.

Tədbir çərçivəsində iştirakçılar Şamaxıya gedəcək, mühazirə və seminarlarla çıxış edəcəklər.

Qeyd edək ki, simpoziumda təqdim olunan mövzular öz aktuallığı ilə seçilir. Tədbir bölmə iclasları, kitab təqdimatları və mühazirələrlə davam edir.

Beynəlxalq tədbir işini mayın 8-də yekunlaşdıracaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.