ELM VƏ TƏHSİL
ADU əməkdaşının Oslo Universitetində mühazirəsi dinlənilib
Bakı, 29 iyul, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev Norveçin Oslo Universitetinin beynəlxalq yay məktəbi çərçivəsində keçirilən beynəlxalq forumunda mühazirə ilə çıxış edib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, “Cənubi Qafqaz regionunda münaqişələr və təhlükəsizlik: region nə üçün xüsusi əhəmiyyətlidir” mövzusunda mühazirəsində A.Nağıyev Cənubi Qafqazda cərəyan edən silahlı münaqişələr və işğal faktı, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində irəliləyişin olmaması (BMT qətnamələri və ATƏT-in missiyasının uğursuzluğu), böyük dövlətlərin regiona marağı, geosiyasi durumunun əhəmiyyəti, Xəzər dənizi və enerji siyasəti, eləcə də regionun gələcək inkişaf perspektivləri haqqında məlumat verib.
Mühazirə zamanı Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, beynəlxalq missiyalar, Azərbaycanın multikultural ənənələri, Cənubi Osetiya kimi məsələlərlə bağlı müzakirələr aparılıb.
Tədbirdə Azərbaycan, Gürcüstan, Ukrayna, Norveç və bir sıra digər ölkələrin təmsilçiləri iştirak ediblər.