ELM VƏ TƏHSİL
ADU ilə Belqrad Universiteti arasında əməkdaşlıq genişlənir
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Belqrad Universitetinin rektoru Vladimir Bumbaşireviç ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, K.Abdulla Belqrad Universitetində Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin, ADU-da isə Serb dili və Mədəniyyəti Mərkəzinin yaradılmasını əhəmiyyətli hadisə kimi dəyərləndirib. Qeyd edilib ki, mərkəzlərin fəaliyyəti nəticəsində ölkələrimiz arasında mədəni münasibətlər daha da genişlənəcək, hər iki ölkənin zəngin mədəniyyətinin təbliği və tanıdılmasında bu qurumlar mühüm rol oynayacaq.
Azərbaycan dövlətinin multikulturalizm siyasətinin dünyada təbliği istiqamətində mühüm addımlar atdığını deyən Kamal Abdulla hər iki ölkənin multikulturalizminin oxşar və fərqli cəhətləri mövzusunda konfransların, müzakirələrin keçirilməsinin vacibliyini vurğulayıb. Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi barədə məlumat verən rektor Belqrad Universitetinin tələbələrini bu layihədə fəallıq göstərməyə dəvət edib.
V.Bumbaşireviç ADU-da Serb dili və Mədəniyyəti Mərkəzinin yaradılmasını yüksək dəyərləndirib. Bildirilib ki, Belqrad Universitetində Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin, ADU-da isə Serb dili və Mədəniyyəti Mərkəzinin yaradılması xalqlarımızın mədəniyyətlərini birləşdirəcək yeni körpü olacaq. Azərbaycan-Serbiya münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan rektor mərkəzlərin yaradılmasının münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.