ELM VƏ TƏHSİL
ADU ilə İndoneziya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla İndoneziya nümayəndə heyəti ilə görüşüb.
Görüşdə ADU ilə İndoneziya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, sənəddə ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatlar aparılması, tələbə və müəllim mübadiləsi, elmi-pedaqoji kadrların ixtisaslarının artırılması, birgə akademik konfransların keçirilməsi, elmi nəşrlərin hazırlanması və bir sıra başqa istiqamətlər üzrə əməkdaşlığın qurulması nəzərdə tutulur.
Rektor K.Abdulla universitetlərarası layihələrin həyata keçirilməsi üçün imkanlar yaratmağın vacib olduğunu deyib. İndoneziya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılması ilə bağlı böyük işlər görüldüyü üçün təşəkkürün bildirən rektor ADU-nun indoneziyalı müəllim və tələbələrin üzünə daim açıq olduğunu vurğulayıb.
K.Abdulla Azərbaycanda multikulturalizmlə bağlı görülən işlərdən danışaraq bu istiqamətdə də birgə əməkdaşlığın mümkünlüyündən söz açıb. O, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yay və qış məktəbləri layihəsində indoneziyalı tələbələrin də iştirak etmələrindən məmnunluğunu bildirib.
İndoneziya Universitetinin tədris işləri üzrə prorektoru, professor Bambanq Vibavarta təmsil etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib. Bildirib ki, İndoneziya Universitetində 14 fakültə, 2 institut fəaliyyət göstərir, 45 min tələbə təhsil alır. O, mövcud əlaqələrin, qarşılıqlı əməkdaşlığın bundan sonra daha yüksək səviyyəyə çatacağına əminliyini ifadə edib. ADU-nun İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyətinə göstərdiyi diqqətə görə rektora təşəkkürünü bildirən B.Vibavarta mərkəzin müxtəlif ədəbiyyat nümunələri ilə təmin olunmasına kömək edəcəyini deyib.