ELM VƏ TƏHSİL
ADU-nun Konfutsi İnstitutu “Çin Kungzhu oyunu” adlı onlayn seminar keçirib
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu Ümumdünya Janqlyorluq Gününə və Bakı Dövlət Sirkinin 75 illiyinə həsr olunmuş “Çin Kungzhu Oyunu” adlı onlayn seminar keçirib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov seminarda çıxış edərək janqlyorluğun qədim Çin sənətinin və idmanının məşhur bir növü olduğunu xatırladıb. R.Abbasov, həmçinin qeyd edib ki, dünyada ilk məşhur hoqqabazlardan eramızdan əvvəl 770-476-cı illərdə yazılmış Çin salnamələrində bəhs olunub. Onlar döyüşdən əvvəl düşmənə qılıncla janqlyorluq sənətini o qədər ustalıqla göstərirdilər ki, hətta münaqişə başlamadan sona çatırdı.
R.Abbasov Çin xalqının özünəməxsusluğunu və ənənələrini özündə təcəssüm etdirən Çin sirk sənətinin unikallığı, bu ölkənin sirk kollektivlərinin ölkəmizə qastrol səfərləri barədə də danışıb, ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı əsası qoyulmuş Azərbaycan-Çin tamaşa incəsənəti əməkdaşlığının mütərəqqi inkişafını xüsusi vurğulayıb. O, həmçinin Kungzhu oyununun yaranma tarixindən və qaydalarından, Kungzhu oyuncaqlarının bambukdan hazırlanmasının xüsusiyyətlərindən bəhs edib.