ELM VƏ TƏHSİL


ADU-nun Konfutsi İnstitutu çinli aşpazların növbəti ustad dərslərini təşkil edib

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun təşkilatçılığı ilə 12 nömrəli Bakı Peşə Liseyində çinli aşpazların “Çin mətbəxinin inciləri” mövzusunda növbəti ustad dərsləri təşkil olunub.

ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Pekindən dəvət olunmuş tanınmış aşpaz Li Canjuy ət, tərəvəz, balıq məhsullarının hazırlanması bacarıqlarını iştirakçılarla bölüşüb. O, Çin yeməklərinin cəld və yüksək istilikdə hazırlanmasının vacibliyini vurğulayıb. Li Canjuy Çin kulinariya sənətinin ənənələrindən danışaraq, bu ölkənin mətbəxinin regional üslubu və məşhur yeməkləri haqqında məlumat verib.

Qonaqlar Çinin bir-birindən fərqli yeməklərini, həmçinin desert nümunələrini dadıblar. Sonra qədim Çin musiqi aləti olan fleytanın müşayiəti ilə məşhur Çin çayının dəmlənməsi mərasimində iştirak ediblər. Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov qonaqlarla Çin çayına olan marağının sirlərini bölüşüb.

Sonda Pekindən dəvət olunmuş aşpazlar və Konfutsi İnstitutunun əməkdaşları Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən diplomlarla təltif olunublar.

ADU-nun Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin mətbəxinin fəlsəfəsindən söhbət açıb. Bildirib ki, ustad dərsinin əsas məqsədi Çin mətbəxinin öyrənilməsinə, bu sahədə azərbaycanlı və çinli mütəxəssislərin əlaqələrinin qurulmasına töhfə verməkdən ibarətdir. O, Azərbaycanın rəngarəng və özünəməxsus mətbəxini Çin ictimaiyyətinə təqdim etməyin Konfutsi İnstitutunun fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Rafiq Abbasov, həmçinin Konfutsi İnstitutu ilə Milli Kulinariya Mərkəzi arasında əməkdaşlıq haqqında müqavilə imzalandığını və bu sənədin əsas məqsədinin hər iki ölkə arasında kulinariya sənəti sahəsində əməkdaşlığın genişləndirilməsi, ixtisaslı aşpaz və kulinarların hazırlanması sahəsində əlaqələrin gücləndirilməsi olduğunu deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.