ELM VƏ TƏHSİL
ADU-nun Konfutsi İnstitutunda Çin Arzusu Günü qeyd olunub
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu Çinin milli bayramı - Çin Arzusu Gününə həsr olunmuş onlayn seminar keçirib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Çin arzusu”nun üç əsas hədəfindən - Çinin zəngin, qüdrətli, demokratik, sivilizasiyalı sosialist dövlətinə çevrilməsi, Çin millətinin dirçəldilməsi və xalq üçün xoşbəxt həyat yaradılmasından danışıb.
O, həmçinin Çin Kommunist Partiyasının (ÇKP) yaranma tarixindən söhbət açıb. Qeyd edib ki, ÇKP 1921-ci ildə yaradılıb, inqilabdan qalib çıxdıqdan sonra Çin Xalq Respublikası (ÇXR) qurulub. Həmin vaxtdan ÇKP siyasi və iqtisadi islahatların aparılması, aşkarlıq və müasir sosializm yolunda, Çində orta təbəqənin olduğu firavan cəmiyyətin qurulması işində daim yorulmadan xalqına rəhbərlik edir.
R.Abbasov son illərdə tarixi Böyük İpək Yolunun birləşdirdiyi iki ölkə – Azərbaycanla Çin arasında humanitar sahədə əməkdaşlığın yüksək templə inkişaf etdiyini vurğulayıb. O bildirib ki, bu, hər şeydən əvvəl, Çin tərəfinin Avrasiya iqtisadi-nəqliyyat dəhlizlərinin yaradılması, həmçinin İpək Yolu ölkələri arasında humanitar mübadilə, mədəniyyətlərarası dialoq və siyasi ünsiyyətin təmin olunması istiqamətində nəzərdə tutulmuş “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində ölkəmizin fəal iştirakı ilə əlaqədardır.
R.Abbasov, həmçinin 2015-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə tarixi səfərini yada salaraq qeyd edib ki, bu səfər zamanı iki ölkənin liderləri “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə” imzalayıblar. Məhz bu Bəyannamə iki ölkə arasında çoxtərəfli əməkdaşlıq istiqamətində möhkəm zəmin olub.
Sonda Konfutsi İnstitutunun keçirdiyi “Çin arzusu və dünya” mövzusunda inşa müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub. Rafiq Abbasov bildirib ki, müsabiqənin keçirilməsində məqsəd tələbələrin elmi-tədqiqat potensialını inkişaf etdirmək və müasir Çinin ictimai-siyasi həyatına marağı dəstəkləməkdir.