ELM VƏ TƏHSİL


ADU-nun prorektoru Cocuq Mərcanlı məktəbinin şagirdlərinə açıq dərs keçib

Bakı, 19 sentyabr, AZƏRTAC 

Azərbaycan Dillər Universitetinin (ADU) prorektoru Tamam Cəfərovanın rəhbərlik etdiyi kollektiv Cəbrayıl rayonunun işğaldan azad edilmiş Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbində olub.

ADU-dan AZƏRTAC-a bildirilib ki, ilk olaraq prorektor Tamam Cəfərova məktəbin xarici dil kabinetinin rəmzi açılışını bildirən qırmızı lenti kəsib. Qeyd edilib ki, ADU tərəfindən xarici dilin tədrisi üçün ehtiyac duyulan müasir avadanlıq, əyani vəsait, dərslik və dərs ləvazimatları ilə təchiz edilmiş sinif otağından bundan sonra məktəb müəllimləri və şagirdlər faydalana biləcəklər.

Tamam Cəfərova ümidvar olduğunu bildirib ki, ADU-nun Cocuq Mərcanlıya töhfəsi olan bu kabinet gələcəkdə neçə-neçə tələbənin, xarici dil mütəxəssislərinin hazırlanmasında əvəzsiz rol oynayacaq. O, bu il tələbələrin məktəbdə 2 ay uğurla pedaqoji təcrübə keçdiklərini, Cocuq Mərcanlı kənd məktəbində səmərəli və faydalı əməkdaşlığın ADU-nun rektoru, akademik Kamal Abdulla üçün prioritet sahə olduğunu bildirib, universitetin bundan sonra da bu dəstəyini və yardımını əsirgəməyəcəyini deyib.

Prorektor bu sinif otağında ADU-nun məzunu olan Məsmə Zeynalovanın dərs deyəcəyini bildirib. O, ADU-nun öz məzunlarını daimi izlədiyini və dəstəklədiyini vurğulayıb. Qeyd olunub ki, Məsmə Zeynalova müəllimlər üçün diaqnostik qiymətləndirmədə ən yuxarı bal yığaraq könüllü şəkildə Cocuq Mərcanlı məktəbini seçib. O, hazırda məktəbdə ingilis dilindən məşğələlər aparır.

Tamam Cəfərova Təhsil Nazirliyinin tövsiyəsinə əsasən, məktəbin 8-ci sinif şagirdlərinə “Mütaliə – uğura aparan yol” mövzusunda açıq dərs keçib.

Daha sonra universitetin kollektivi birinci sinif şagirdləri üçün gətirdikləri dərs ləvazimatlarını, məktəb kitabxanasını zənginləşdirmək üçün nəzərdə tutulan yeni ədəbi nəşrləri təhsil ocağına hədiyyə edib.

Bununla yanaşı, universitetin Fransız dilinin leksikası və üslubiyyatı kafedrasının müdiri Gülnarə Sadıxova 1 həftə müddətində könüllü olaraq Cocuq Mərcanlıda qalacaq, məktəb şagirdlərinə fransız dili və mədəniyyəti haqqında məşğələlər keçəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.