ELM VƏ TƏHSİL
ADU-nun rektoru Argentinadan olan deputatlarla görüşmüşdür
Bakı, 14 oktyabr (AZƏRTAC). Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Argentinadan olan deputatlar-professorlar Olqa Elizabet Quzman və Pedro Molasla görüşmüşdür.
ADU-nun rektoru qonaqlara universitet haqqında ətraflı məlumat vermişdir. Ən aparıcı dillərin bu universitetdə tədris edildiyini qonaqların diqqətinə çatdıran S. Seyidov ispan dilinin ən çox istifadə olunduğunu söyləmiş, ispan dilli ölkələrlə əlaqələrin gücləndiyini vurğulamışdır. O demişdir ki, yaxın zamanlarda tələbələrin ispan dilini təkmilləşdirmək üçün universitetdə ispan dili mərkəzi açılacaqdır.
Bununla yanaşı Səməd Seyidov Argentina ilə əlaqələrin yaradılmasının vacib və əhəmiyyətli olduğunu vurğulayaraq həmin ölkədə Azərbaycan səfirliyinin fəaliyyət göstərdiyini bildirmişdir.
Rektor ADU-nun Norveç, İtaliya, Böyük Britaniya, Fransa, Almaniya universitetləri, eləcə də İspaniyanın Servantes Universiteti ilə əməkdaşlıq etdiklərini qonaqların diqqətinə çatdırmışdır. Bundan əlavə o, dövlət proqramı ilə azərbaycanlı tələbələrin bir çox aparıcı universitetlərdə təhsil aldıqlarını da söyləmişdir.
Professor Olqa Elizabet Quzman ətraflı məlumat üçün rektora təşəkkür etmişdir. Azərbaycanda dövlətin təhsilə xüsusi əhəmiyyət verdiyini vurğulamışdır.
Professor Pedro Molas isə Azərbaycanda olmaqdan məmnunluğunu bildirmişdir.
Görüşdə, həmçinin, Azәrbaycan-Argentina əlaqələri, gələcək əməkdaşlıq məsələləri də müzakirə olunmuşdur.