ELM VƏ TƏHSİL


ADU-nun tələbələri müəllimlərini təbrik ediblər

Bakı, 5 oktyabr, AZƏRTAC 

Azərbaycan Dillər Universitetində (ADU) 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş bədii tədbir keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, ali məktəbin rektoru, akademik Kamal Abdulla əlamətdar gün münasibətilə müəllimləri təbrik edib. K.Abdulla müəllimliyin yüksək peşə olduğunu, tələbələrin də bu istiqamətdə irəlilədiklərini və müəllimlik peşəsinə yiyələnmək istəyən gənclərin sayının gündən-günə artdığını bildirib. ADU-nun məzunlarının yalnız Bakı ərazisində yerləşən məktəblərdə deyil, həmçinin qaçqın məktəblərində də çalışdıqlarını söyləyən rektor onların bir çox digər qurumlarda universitetin adını ləyaqətlə təmsil etdiklərini, ölkə xaricində müxtəlif konfranslarda, tədbirlərdə uğurla iştirak etdiklərini, ölkəmizin adını uca tutduqlarını vurğulayıb. K.Abdulla “Heydər Əliyev multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq konfransının müxtəlif ölkələrin universitetlərində təbliğ olunmasının ADU-nun müəllimləri, alimlərinin zəhməti hesabına baş tutduğunu deyib: “Universitetə gələn xarici qonaqlar, yüksək vəzifəli şəxslər, səfirlər burada gedən prosesləri yüksək səviyyədə dəyərləndirirlər. Bu yaxınlarda Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçə bu ali məktəbin fəxri doktoru diplomunun təqdim edilməsi prosesi universitetimizin hansı beynəlxalq imicə malik olduğunun yüksək səviyyədə göstərir. Bu proseslərdə hamımızın böyük zəhməti var, bu zəhmətə görə hamınıza təşəkkür edirəm”.

Rektor ali təhsil ocağının ən yaşlı müəllimi, professor Gəray Yusifzadəyə və ən gənc müəllim Vüsalə Məmmədovaya hədiyyələr təqdim edib.

K.Abdulla, həmçinin müəllimlərini təbrik edən tələbələrə də təşəkkürünü bildirib: “İşə gələndə qapımda tələbələrin hazırladıqları balaca kağızlarda yazılmış təbrikləri gördüm və qəhərləndim. Gənclər məni bayram münasibətilə təbrik ediblər. Eşitdim ki, başqa müəllimlərin də otaqlarının qapılarına yapışdırıblar. Mən onları qapı təbrikləri adlandırıram. Qapı təbriklərinə görə hamınızı bağrıma basıram, təşəkkür edirəm”.

Daha sonra universitetin tələbələri rəqs ifa edib, mahnı və şeirlər oxuyublar. ADU-nun “Dillilər” şən və hazırcavablar komandası səhnəciklə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.