ELM VƏ TƏHSİL
ADU-nun tələbələri pedaqoji təcrübələrini məcburi köçkün məktəblərində keçirlər
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə reallaşdırılan yeni layihəyə əsasən bu ali məktəbin IV kurs tələbələri könüllü olaraq 4 həftəlik pedaqoji təcrübələrini rayonlarda məskunlaşmış məcburi köçkün məktəblərində keçirlər.
ADU-dan AZƏRTAC-a bildirilib ki, bu il də layihənin davamı olaraq, əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov, təhsil fakültəsi nəzdində ingilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri dosent Amil Cəfərov, psixologiya kafedrasının dosenti Əzim Əliyev və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Araz Ağayev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər. Səfər çərçivəsində ADU ilə Cocuq Mərcanlı kənd tam orta məktəbi arasında müqavilə imzalanıb.
Səfər təəssüratlarını bölüşən Amil Cəfərov deyib: “Cocuq Mərcanlı kənd orta məktəbində keçən il 50 şagird olub, bu il isə 82 şagird təhsil alır. Məktəb müasir tələblərə uyğundur. Şagirdlər oxumağa böyük həvəs göstərirlər. Məktəbdə vətənpərvərlik mövzusunda stendlər qurulub. Tələbələrimizin məhz bu məktəbdə pedaqoji təcrübə keçmələri şagirdləri sevindirdi və onlar bunun davamlı olmasını arzuladılar. Məktəbin şəraiti imkan verir ki, biz orada öz bazamızı yaratmaq üçün hər hansı bir otağın təchizatı haqqında düşünək. Fikrimcə, bu təşəbbüsə başqa universitetlər də qoşulmalıdır. Belə səfərlər digər qaçqın və köçkün məktəblərinə də təşkil olunmalıdır. Bu, onların yanında olmaq deməkdir”.