ELM VƏ TƏHSİL
ADU-nun tələbəsi Çində beynəlxalq müsabiqədə uğur qazanıb
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) reqionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisasının tələbəsi Ayan Kərimova hazırda Çinin Uhan Universitetində təhsilini davam etdirir.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, o, 32-ci Beynəlxalq Çin dilində inşa yarışmasında üçüncü yeri tutub. Hubei əlayətində keçirilən ənənəvi müsabiqədə mindən çox xarici tələbə arasında Ayan Kərimova “Mənim ən sevdiyim Çinin atalar sözü” mövzusunda inşası diploma layiq görülüb.
ADU-dakı Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov bu ali məktəbdə Çin dilinin tədrisinin yüksək səviyyədə olmasını ixtisaslaşdırılmış kursların təşkilinin, Çin dilini təşviq etmək üçün tədbirlərin həyata keçirilməsinin, müəllimlərinin Çinə göndərilməsinin nəticəsi olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan tarixində tələbələr üçün ilk Çin dili dərsliyi ADU-da nəşr olunub.