ELM VƏ TƏHSİL
ADU və “British Council” təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Samr Şah ilə görüşüb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, qonağa universitet haqqında məlumat verən rektor Kamal Abdulla bu təhsil ocağında bir çox dillərin tədris edildiyini diqqətə çatdırıb. Akademik Kamal Abdulla ADU ilə Böyük Britaniya universitetləri arasında mövcud əlaqələrin daha da güclənəcəyinə ümidvar olduğunu bildirib. O, ADU-da reallaşdırılan “Səfir saatı” klubu barədə ətraflı məlumat verib və qonağı bu layihə çərçivəsində tələbələrə mühazirə deməyə dəvət edib.
Dillər Universitetinin rektoru Azərbaycanın multikulturalizm sahəsində gördüyü işlərdən danışaraq, bu istiqamətdə də birgə əməkdaşlığın mümkünlüyündən söz açıb. Vurğulayıb ki, hazırda “Azərbaycan multikulturalizmi” fənni bir çox ölkələrdə tədris olunur.
Səmimi qəbula görə ADU-nun rəhbərliyinə təşəkkür edən Samr Şah faydalı əməkdaşlığın daha yüksək səviyyəyə çatacağına əminliyini bildirib.
Görüşdə qarşılıqlı əməkdaşlıq, tələbə və müəllimlərin təkmilləşməsi istiqamətində aparılacaq işlər və perspektivlər müzakirə olunub. Qonağa “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının ingilis dilinə tərcümə olunmuş variantı hədiyyə edilib.
“British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Samr Şah ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərində görülən işlərlə də tanış olub.